2017-12-18
15 dekabr tarixində Madriddə “Milad Bayramı – Mədəniyyətlər sərgisi”nin təntənəli açılış mərasimi keçirilib.

Madrid şəhərinin meri Manuela Karmena tədbirin açılış mərasimində çıxış edib. O, “Mədəniyyətlər sərgisi”nin üçüncü ildir keçirilməsinə baxmayaraq, şəhər sakinləri tərəfindən böyük rəğbətlə qarşılandığını deyib. Qeyd olunub ki, builki tədbir Madrid şəhərində akkreditə olunmuş 70-dən çox diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların əməkdaşlığı və iştirakı nəticəsində baş tutub.

350-dən çox fəaliyyət proqramının təşkil edildiyi mötəbər tədbirdə ölkəmiz bu il ilk dəfə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə təmsil olunub.

Azərbaycan milli pavilyonunda ölkəmizlə bağlı müxtəlif təbliğat materialları, rəsm nümunələri və incəsənət əsərləri ilə yanaşı, milli mətbəximizin ləziz nemətləri (dolma, aş, qutab, lavaş, şəkərbura, paxlava və s.) nümayiş etdirilib. Milli pavilyonumuz sərgi ziyarətçilərinin böyük marağına səbəb olub.

Xanım Manuela Karmena Azərbaycan milli pavilyonunu ziyarət edərək, orada təqdim olunanlarla yaxından maraqlanıb, Azərbaycan milli pavilyonunun sərgidə özünəməxsusluğu ilə seçildiyini vurğulayıb. Mer həmçinin milli mətbəximizin zəngin təamlarından bəzilərinin dadına baxıb, dolmanı və qutabı çox bəyəndiyini, feyxoanın isə fərqli, ləzzətli dada malik olduğunu qeyd edib. Xanım Karmena milli pavilyonumuzdan xoş hisslərlə ayrılaraq uğurlu təşkilatçılığa görə təşəkkürünü bildirib.

Ölkəmizin sərgidə iştirakı İspaniya KİV nümayəndələrinin də diqqətindən kənar qalmayıb. Bir sıra yerli televiziya şirkətləri milli pavilyonumuzda çəkiliş edib, sərgi ilə bağlı səfir Anar Məhərrəmovun fikirlərini öyrəniblər.

Sərgi iştirakçı ölkələrin mədəniyyəti və adət-ənənələrini, milli mətbəxini, turizm imkanlarını nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyır və dekabrın 29-dək davam edəcək.

növbəti xəbər əvvəlki xəbər