2018-12-29
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Madrid şəhərində tədbir keçirilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Madrid şəhərində tədbir keçirilib.

Tədbirdə Madrid şəhərində və İspaniyanın digər bölgələrində yaşayan azərbaycanlılar iştirak edib.

Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin soydaşlarımıza ünvanlandığı müraciətə istinad edərək onları təbrik etmiş, milli birlik, azərbaycançılıq ideyasını özündə əks etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən bəhs edərək, bu əlamətdar günün tarixə düşməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan xalqı tərəfindən böyük qürur hissi ilə qeyd edildiyini vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən səfir A.Məhərrəmov xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə geniş məlumat verib.

Dövlət başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızın daha da inkişaf etdiyini, beynəlxalq aləmdə söz sahibi olan bir ölkəyə çevrildiyini qeyd edən səfir Anar Məhərrəmov İspaniyada yaşayan soydaşlarımız tərəfindən öz fəaliyyətlərində milli məfkurə, vətənə bağlılıq ideyasının əsas götürülməsinin vacib olduğunu bildirmişdir.

Tədbirdə iştirak edən soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində qeyd edildiyi kimi hər zaman vətənə bağlı olduqlarını, ölkəmizin maraqlarının müdafiəsi, Azərbaycanla əlaqələrin dərinləşməsi və ümummilli məsələlərin həllində bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər.

Daha sonra tədbir milli təamlarımızdan ibarət bayram süfrəsi arxasında davam etdi.

  

 

əvvəlki xəbər