2019-09-13
Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilir

  

“Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq uğurla davam etdirilir” – bu sözləri Rusiya Federasiyanın Sankt-Peterburq şəhərində keçirilən DTT-nin Baş Assambleyasının 23-cü sessiyası çərçivəsində təşkilatın Baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının İspaniya Krallığındakı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovla görüşü zamanı səsləndirib.

Baş katib Z. Pololikaşvili DTT-nin 2019-cu ilin 16-18 iyun tarixində Bakı şəhərində uğurla baş tutmuş 110-cu sessiyasından bəhs edərək, ölkəmizdə son zamanlar turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri təqdirəlayiq hesab etdiyini bildirmiş, bu baxımdan rəhbərlik etdiyi təşkilatla ölkəmiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu bildirərək,  perspektivdə bu əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir.

Qeyd etmək istərdik ki, Sankt-Peterburq şəhərində keçirilən DTT-nin Baş Assambleyasının 23-cü sessiyasında ölkəmiz Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbir çərçivəsində İcraiyyə Şurasının 111-ci sessiyası baş tutmuş,  İcraiyyə Şurasının növbəti 112-ci sessiyasının Gürcüstanda keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər