Vətəndaşlıq məsələləri

I.Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi

 Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-2. ci maddəsi (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi-üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır) ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı yazılı məlumatın verilməsi üçün aşağıdakı sənədləri Səfirliyimizin Konsulluq şöbəsinə təqdim etməlidir:

 

  1. Doldurulmuş Ərizə-anket (buradan yükləyə bilərsiniz)
  2. 2 ədəd 3x4 fotoşəkil
  3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun surəti
  4. İspaniya Pasportunun surəti

 

Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;

3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;

4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

II. Azərbaycan Respublikası vətəndaşlığından çıxma

Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma üçün  aşağıdakı sənədlər tələb olunur: 

1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış  ərizə‐anket

2. 4 ədəd fotoşəkil (3x4 ölçüdə) ;   

3. yaşayış yerindən ailə tərkibi haqqında arayış;   

4. dövlət qarşısında icra edilməmiş  öhdəliklərinin olmaması və  ya Azərbaycan Respublikasında hüquqi və  fiziki  şəxslərin mənafeləri ilə  bağlı olan  əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;   

5. 400 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

Hesab nömrəsi: Bank Santander ES81 0049 1555 10 2110170715  

6. şəxsiyyəti təsdiq edən sənədin surəti.

7. hərbi biletin surəti

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə  Azərbaycan Respublikası Prezidentinin adına yazılmış  ərizə‐anketi Azərbaycan Respublikası  ərazisində  yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya Konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində  vəsatət qaldıran  şəxsin dövlət qarşısında icra edilməmiş  öhdəlikləri və  ya Azərbaycan Respublikasında hüquqi və  fiziki  şəxslərin mənafeləri ilə  bağlı olan  əmlak öhdəlikləri varsa, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində  vəsatət qaldıran  şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə  minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya  şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə  ziddirsə, həmin hallar aradan qalxana qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin  şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər.

Qeyd: Dövlət Rüsumu haqqında qanunun 16-cı maddəsinin 2.2-ci bəndinə əsasən vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmilədirilməsinə görə 400 ABŞ dolları rüsum ödənilməlidir.