İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat:

İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın İspaniyadakı Səfirliyi 2005-ci ildə açılmışdır.

2014-cü ildən etibarən İspaniya Krallığının Bakıda diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Hazırda nümayəndəliyin rəhbəri İqnasiyo Sançez Taboadadır (Ignacio Sanchez Taboada).

Hazırda Azərbaycanın İspaniya Krallığındakı səfiri 5 aprel 2016-cı il tarixində təyin olunmuş Anar Abel oğlu Məhərrəmovdur.

İspaniyanın Türkiyə Cümhuriyyətindəki Səfiri həmçinin Azərbaycanda akkreditə olunmuşdur.

İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası:

 Azərbaycan Respublikası və İspaniya Krallığı arasında aşağıdakı sənədlər imzalanmışdır:

  • “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair Memorandum”. 2010-cu il 25 noyabr, Madrid.

  • “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında Saziş”. 2011-ci il 16 iyun, Madrid.

  •  “Azərbaycan Diplomatik Akademiya ilə İspaniya Diplomatik Məktəbi arasında Anlaşma Memorandum”u, 28 mart 2012;
     
  • “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında Saziş”. 2012-ci il 28 noyabr, Madrid.
     
  • “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergilərdən yayınmanın qarşısının alınması haqqında Konvensiya” və onun Protokolu. Bakı, 24 aprel 2014-cü il.
    * (Qeyd: sənəd 23-24 aprel 2014-cü il tarixində İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Naziri X.M.Garciya-Marqallonun ölkəmizə səfəri zamanı imzalanmışdır). 
  • “Azərbaycan Dövlət İnformasiya Agentliyi və İspaniyanın Beynəlxalq İnformasiya Agentliyi arasında informasiya və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Bakı, 17 noyabr 2016-cı il

 Əsas yüksək səviyyəli səfərlər və görüşlər:

15 fevral 2010-cu il tarixində İspaniyanın eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri J.Klos (iqamətgahı Ankara şəhərində) nazir E.Məmmədyarovla görüşmüş və etimadnaməsinin surətini təqdim etmişdir.

24-26 noyabr 2010-cu il tarixində AR gənclər və idman naziri A.Rəhimov İspaniyanın Ali İdman Şurasının prezidenti Xayme Lissavetski Diezin (Jaime Lissavetzky Diez) dəvəti ilə həmin ölkəyə səfər etmişdir. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman və bədən tərbiyəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

10-11 mart 2011-ci il tarixində İspaniyanın eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Kristobal Qonsales Ayyer Xurado (Cristobal Gonzales Aller Jurado)  (iqamətgahı Ankara şəhərində) etimadnaməsini Prezident İ.Əliyevə təqdim etmiş, xarici işlər naziri E.Məmmədyarov və fövqəladə hallar naziri K.Heydərovla görüşmüşdür.

9-10 iyun 2011-ci il tarixində İspaniyanın Azərbaycandakı səfiri Kristobal Qonsales Aller Xurado Bakıya səfər etmişdir.

15-17 iyun 2011-ci il tarixində AR Xarici işlər naziri E.Məmmədyarov İspaniya Krallığına səfər etmişdir.

19-20 oktyabr 2011-ci il tarixində İspaniya Krallığının Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici Ticarət üzrə Dövlət Katibi A.Bonet Bakıya səfər etmişdir.

15-22 yanvar 2012-ci  il tarixlərində AR Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədovun İspaniyaya səfəri baş tutmuşdur.

10 iyul 2012-ci il tarixində İspaniya Krallığının Xarici İşlər üzrə Dövlət Katibi G.B.Secades Azərbaycana səfər etmişdir.

20-24 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənovun səfəri baş tutmuşdur.

26-29 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfov İspaniya Krallığına səfər etmişdir.

25 yanvar - 2 fevral 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin İspaniyaya və Andorraya səfəri baş tutdu.

20-21 may 2013-cü il tarixlərində İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Alvaro de Eulatenin ölkəmizə səfəri baş tutmuşdur.

25-27 noyabr 2013-cü il tarixlərində İspaniyanın sabiq Xarici İşlər Naziri Migel Anxel Moratinos , bu ölkənin Cenevrə və Moskvadakı sabiq Səfiri Xuan Antonio Març və “Fira Barcelona” şirkətinin Baş direktoru Ricard Zapatero iki ölkə arasında əməkdaşlıq imkanlarının araşdırılması məqsədi ilə Bakıya səfər etmişdir.

6-9 fevral tarixində İspaniya Parlamentinin Azərbaycan ilə qeyri-formal dostluq qrupunun üzvlərindən ibarət bir qrup deputatın ölkəmizə işçi səfəri baş tutmuşdur. Qeyd edək ki, bu səfər 20 il ərzində İspaniya Parlamentində Azərbaycanın dostlarının ölkəmizə ilk ikitərəfli səfəri kimi yadda qalmış və iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətlərinin müzakirəsinə, həmçinin iki ölkənin Parlamentləri arasında işçi əlaqələrin gücləndirilməsinə təkan vermişdir.

22-24 aprel tarixində İspaniya Xarici İşlər və Əməkdaşlıq Naziri X.M.Garsiya-Marqayonun başçılığı ilə nümayəndə heyətinin ölkəmizə ilk rəsmi səfəri həyata keçirilmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə, Baş Nazir A.Rasi-zadə ilə, Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovla, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Naziri Ş.Mustafayevlə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayevlə və digər rəsmi şəxslərlə görüşlər keçirilmiş, həmçinin iki ölkənin biznes dairələrinin nümayəndələri arasında əlaqələrin genişləndirilməsi üçün Biznes Forum təşkil edilmişdir.

3-7 sentyabr 2014-cü il tarixində AR Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimov və Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən keçirilən III Ali Qrup toplantısında iştirak etmək məqsədilə Andorra Knyazlığına səfər etmişlər.

29-31 oktyabr 2014-cü il tarixində  İspaniyanın sabiq Xarici İşlər və Əməkdaşlıq Naziri Migel Anxel Moratinosun (Migel Angel Moratinos) Bakıya səfəri təşkil edilmişdir.

29 oktyabr - 2 noyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Rəfail Hüseynov və Əli Hüseynli Madrid şəhərində səfərdə olmuşlar. Səfərin məqsədi AŞPA-nın Hüquq işləri və insan haqları komitəsinin Madriddə keçirilmiş iclasında iştirak etmək idi.

18-20 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti “EİBTM 2014” Beynəlxalq turizm sərgisində iştirak etmək üçün Barselona şəhərinə səfər etmişlər.

28 aprel 2015-ci il tarixində İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Xarici Siyasət, çoxtərəfli, qlobal və təhlükəsizlik məsələləri üzrə Baş İdarənin rəisi Enrike Mora Benavente Bakıya rəsmi səfər etmişdir.

25-27 aprel 2016-cı il tarixlərində İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqayo Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində bir sıra yerli və ispan şirkət nümayəndələrinin iştirakı ilə Biznes Forum keçirilmişdir.

24-26 may 2016-cı il tarixlərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İspaniya Krallığında rəsmi səfər etmişdir.

13-14 iyun 2016-cı il tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısında  iştirak etmək məqsədilə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və AR Diasporla İş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimov Andorra Knyazlığına səfər etmişlər.

8 sentyabr 2016-cı il tarixində Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov etimadnaməsini İspaniya Kralı VI Felipeyə təqdim etmişdir.

04 noyabr 2016-cı il tarixində səfir Anar Məhərrəmov etimadnaməsini Andorra Knyazlığının həmşəhzadəsi Monsenyor Xuan Enrik Vives Sisiliaya təqdim etmişdir.

7-10 noyabr 2016-cı il tarixində İspaniyanın Madrid və Mursiya şəhərlərində keçirilmiş “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı beynəlxalq konfransda iştirak etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, AR millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlər müşaviri Kamal Abdullayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digər din icmalarının başçıları İspaniya Krallığına rəsmi səfər etmişdirlər.

25-30 noyabr 2016-cı il tarixlərində 1936-1939-cu illərdə Kirovabadda – indiki Gəncədə təlim keçmiş ispan aviatorlarının ailə üzvlərindən ibarət nümayəndə heyətinin Bakı və Gəncə şəhərlərinə səfərləri təşkil edilmişdir.

17-19 yanvar 2017-ci il tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının (ÜTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə  və BMT tərəfindən 2017-ci ilin “Beynəlxalq davamlı turizm ili” elan edilməsi ilə bağlı təşkil edilmiş tədbirlərdə iştirak etmək məqsədilə Madrid şəhərində işgüzar səfərdə olmuşdur.

17 yanvar 2017-ci il tarixində səfir Anar Məhərrəmov BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini sözügedən təşkilatın baş katibi Taleb Rifaiyə təqdim etmişdir.

29 yanvar-02 fevral 2017-ci il tarixlərində Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının Turizm etikası üzrə Konvensiyanın İşçi qrupunun ikinci iclasında və Dünya Turizm Etika Komitəsinin növbəti iclasında iştirak etmək məqsədilə Madrid şəhərində işgüzar səfərdə olmuşdur.

03 mart 2017-ci il tarixində səfir Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda Andorra Knyazlığının həmşəhzadəsi cənab Fransua Ollanda təqdim etmişdir.

9-10 mart 2017-ci il tarixlərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclaslarında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Madrid şəhərinə səfər etmişdir.

10-13 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Sədrliyi ilə keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 105-ci sessiyasında  iştirak etmək məqsədilə Madrid şəhərində işgüzar səfərdə olmuşdur.

06 noyabr 2017-ci il tarixində İspaniyanın Madrid  şəhərində keçirilmiş “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı 2-ci beynəlxalq konfransda iştirak etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların Azərbaycandakı nümayəndələri İspaniya Krallığına rəsmi səfər etmişdirlər.

2011-ci ildən İspaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İspaniya tərəfindən qrupun rəhbəri Xose Maria Çikilyodur (Partido Popular). Azərbaycan tərəfindən qrupa Fəzail Ağamalı rəhbərlik edir.

İqtisadi əməkdaşlıq:

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ticarət əlaqələri haqqında

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ticarət dövriyyəsinin həcmi 165,96 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 22,14 mln. ABŞ dolları, ixracın həcmi 143,82 mln. ABŞ dolları təşkil etmiş, ticarət saldosu isə müsbət 121,68 mln. ABŞ dolları olmuşdur.
2017-ci ilin yanvar-iyun aylarında İspaniya Krallığının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 1,91 faiz, o cümlədən idxalda 0,65 faiz, ixracda isə 2,73 faiz təşkil etmişdir.

2016-cı ildə Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ticarət dövriyyəsinin həcmi 178,91 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 50,67 mln. ABŞ dolları, ixracın həcmi 128,24 mln. ABŞ dolları təşkil etmiş, ticarət saldosu isə müsbət 77,57 mln. ABŞ dolları olmuşdur.
2016-cı ildə İspaniya Krallığının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 1,01 faiz təşkil etmişdir.

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

İkitərəfli əməkdaşlığın digər sahələri:  

8-10 noyabr 2016-cı il tarixində İspaniyanın Madrid və Mursiya şəhərlərində “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbir çərçivəsində Bakı Dövlət Universiteti ilə San-Antonio Mursiya Katolik Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

25-30 noyabr 2016-cı il tarixində İspaniya Respublikaçı Aviatorlar Assosiasiyasının üzvlərindən ibarət nümayəndə heyəti Gəncədə səfərdə olmuşdur. Səfər çərçivəsində Gəncə şəhərində “Azərbaycan səmasında” filminin təqdimat mərasimi keçirilmişdir.

2017-ci ilin fevral ayında Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin təşəbbüsü və ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə Barselona şəhərində “Azərbaycan Evi”nin açılışı baş tutmuşdur. 

24 may 2017-ci il tarixində Azərbaycanın İspaniyadakı Səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxından iştirakı ilə Madriddə bu ölkənin məşhur Rey Juan Carlos Universitetində “Azərbaycandakı multikulturalizm modeli” adlı birinci seminar keçirilmişdir.

31 oktyabr 2017-ci il tarixində "Atletiko Madrid" - "Qarabağ" futbol klublarının qarşılaşmasından əvvəl "Wanda Metropolitano" stadionunun qarşısında Səfirliyin dəstəyi ilə ölkəmizlə bağlı təbliğat masası qurulmuşdur. Təbliğat masasında ölkəmizin turizm potensialı və Ağdamın “Qarabağ” klubu barədə məlumatların yer aldığı bukletlər, həmçinin milli şirniyyatlar təqdim olunmuş, Qarabağ futbol klubu və onun ev oyunlarını doğma Ağdam şəhərində keçirə bilməməsinin səbəbləri haqqında ətraflı məlumat futbol azarkeşlərinə verilmişdir.

06 noyabr 2017-ci il tarixində İspaniyanın Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” adlı 2-ci beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə yanaşı İspaniya hökumətinin üzvləri, dünyanın nüfuzlu ictimai-siyasi xadimləri, İspaniyada fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, müxtəlif dövlətlərin tanınmış din xadimləri, ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

07 noyabr 2017-ci il tarixində Bakı Dövlət Universiteti ilə İspaniyanın Kral Xuan Karlos Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

15 dekabr 2017-ci il tarixində İspaniyanın Madrid şəhərində “Milad Bayramı – Mədəniyyətlər sərgisi”nin təntənəli açılış mərasimi keçirilmişdir. 350-dən çox fəaliyyət proqramının təşkil edildiyi mötəbər tədbirdə ölkəmiz bu il ilk dəfə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə təmsil olunmuşdur. Azərbaycan milli pavilyonunda ölkəmizlə bağlı müxtəlif təbliğat materialları, rəsm nümunələri və incəsənət əsərləri ilə yanaşı, milli mətbəximizin ləziz nemətləri (dolma, aş, qutab, lavaş, şəkərbura, paxlava və s.) nümayiş olunmuşdur.

Konsulluq münasibətləri:

Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı Səfirliyinin konsulluq şöbəsinin ünvanı:

Ünvan: Ronda de Avutarda 38, 28043, Madrid

Tel: +34 917 489 776 

Fax: +34 917 597 056

E-ünvan: consul_madrid@mfa.gov.az 

Qəbul günləri: bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı saat 10:00-dan 13:00-dək

İkitərəfli viza rejimi.

Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında viza rejimi “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair saziş”lə tənzimlənir. Viza müraciəti üçün rüsumun məbləği 35 avrodur. Diplomatik pasportlara malik şəxslər İspaniya Krallığına vizasız səfər edə bilərlər və ölkədə qalma müddəti 180 gün ərzində 90 günədəkdir. Turizm vizası əldə etmək üçün Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Konsulluq şöbəsinə müraciət edilməlidir. Digər növ vizaların əldə edilməsi üçün isə İspaniya Krallığının Türkiyə Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinə müraciət edilməlidir.

 

Ölkəyə giriş (o cümlədən aparılan ev heyvanları) üçün sanitar qaydalar.

İspaniya Krallığına ət və ət məhsulları, süd, əkin məhsulları (güllər, meyvə, tərəvəzlər və s.) vəhşi heyvanlar və narkotik vasitələr və qanunla qadağan olunmuş digər məhsullarının idxalı qadağandır.

 

İkitərəfli nəqliyyat imkanları. 

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarından İspaniyaya birbaşa hava uçuşları həyata keçirilmir. Mövsümi olaraq yay aylarında Bakı şəhərindən Barselona şəhərinə birbaşa uçuşlar həyata keçirilir.

Uçuş müddəti 5.30 saatdır

 

Ölkədə qalma və yerdəyişmə qaydaları:

6 aydan çox müddətə İspaniya ərazisində yaşamaq və qalmaq üçün icazə verilmiş şəxslər ölkəyə daxil olduqdan sonra 1 ay müddətində əcnəbilər üçün müvəqqəti şəxsiyyət vəsiqəsinin alınması məqsədilə polis idarələrinə və ya əcnəbilərlə iş üzrə səlahiyyətli quruma müraciət etməlidirlər. Bu qayda mövsümi işlərin görülməsi üçün viza verilən şəxslərə şamil edilmir.

 

Ölkədə gömrük qaydaları (fərdi şəxslər üçün ölkəyə idxal etmə məhdudiyyətləri).

İspaniya Krallığına gələn əcnəbilər gömrükdə bəyannamə təqdim etmədən 10.000 avroyadək pul, bank çekləri və s. gətirə bilərlər.

Şəxsi istifadə üçün ölkə ərazisinə (17 yaşdan aşağı olmayan şəxslərə şamil edilmir) gətirməyə icazə verilən malların miqdarı və adı (bu məhsullar ƏDV və yerli vergidən azad edilir):

  1. 200 ədəd siqaret
  2. 100 ədəd siqar (maksimal çəkisi 3 qram olan)
  3. 50 ədəd siqar və ya 250 qram tütün
  4. 1 litr spirtli içki (tərkibində 22%-dən çox alkoqol olmamaq şərtilə)
  5. 2 litr spirtli içki (tərkibində 22%-dən az alkoqol olmaq şərtilə)
  6. 4 litr şərab və 16 litr pivə