Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Azərbaycan Respublikasının konsulluğu aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

  1. nikaha daxil olan şəxslərin yazılı razılığı ƏRİZƏ;

  2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
     
  3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
     
  4. subaylıq haqqında arayış;
     
  5. dövlət rüsumunun ödənilməsi barədə qəbz (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və və bu barədə şəhadətnamənin verilməsinə görə 35 EUR məbləğində dövlət rüsumu müəyyən olunmuşdur);
     
  6. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:

1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;

3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;

4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;

2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;

3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. 

Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:

 1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

 2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

 3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:

1. bunlardan birini 

  • arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
     
  • ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini;
     
  • arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı. 

2. dövlət rüsumunun ödənilməsi barədə qəbz

3. azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.

Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər: 

1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3) ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.

Yuxarıda qeyd olunan hallarda nikahı pozmaq üçün ərizə ilə konsulluğa müraciət edən ər (arvad), nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir. ƏRİZƏ

Səfirliyin hesab nömrəsi: Bank Santander ES81 0049 1555 10 2110170715