2016-01-20
20 Yanvar faciəsinin qurbanları Madriddə anılıb

Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada fəaliyyət göstərən diplomatik qurumların və xarici təşkilatların nümayəndələri, ispaniyalı tələbələr, hökumət nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar və iş adamları iştirak ediblər.

Azərbaycanın İspaniyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov tədbirdə 20 Yanvar faciəsi haqqında məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. O vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bu tarix ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. 147 dinc vətəndaşın sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilmədi, əksinə onun azadlıq arzusunu daha da alovlandırdı.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən sənədli film, fotolar nümayiş etdirilib, iştirakçılara ispan dilində hazırlanmış bukletlər paylanılıb.

növbəti xəbər əvvəlki xəbər