2016-04-25
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu keçirilib

“İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumun açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva iştirak edib.

Bakı dünyanın ən nüfuzlu qurumlarından sayılan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) VII Qlobal Forumuna ev sahibliyi edir. Tədbir çərçivəsində Gənclər Forumunun keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu Forum mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, yeni mənbələrin müəyyənləşdirilməsi və digər məsələlərin müzakirəsi baxımından mühüm imkandır.

Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

Tədbirdə əvvəlcə “Gənc olmayan tədbir” (Not a youth event) mövzusunda təqdimat olub. Təqdimatda qeyd edilib ki, bu Forumda qarşıda duran məqsədlərə nail olunması, gənclərin beynəlxalq əməkdaşlığının güclənməsi, yaşadığımız planeti daha yaxşı məkana çevirmək imkanları və s. məsələlər müzakirə ediləcək. Bildirilib ki, Forumda BMT-yə müraciət edən gənclər arasından iki aylıq seçim prosesindən sonra müəyyənləşdirilən 100 nəfər iştirak edir. Məqsəd dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Həmçinin bu Forumun mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və s. məsələlərin müzakirəsi üçün mühüm imkan olduğu vurğulanıb.

Sonra Gənclər Forumunun açılışı olub.

Forumun moderatoru, UNAOC-un Sülh və insan hüquqları proqramının direktoru Meqan Aurea Villanueva qeyd edib ki, son on ildə dünyada gənclər təşkilatlarının fəallığı xeyli güclənib. Hazırda dünyada zorakılıqlara qarşı, münaqişələrdə uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə gənclərin fəallığı daha da artıb. O, Bakıda keçirilən tədbirdə sülh şəraitində və inklüziv cəmiyyətlərdə yaşamağın üstünlükləri, gənclərin liderlik bacarıqlarını göstərməsi, onların mədəniyyətlərarası dialoqa verə biləcəkləri töhfələr baxımından çox önəmli məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açılış nitqləri söyləyiblər.

BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forumun keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək onun nəticələrinin müsbət olacağına əminliyini bildirib. Qeyd edib ki, gənclər bizim fəaliyyətimizin əsas dayaqlarından biridir. Biz Bakıda toplaşaraq inklüziv cəmiyyətlər qurmaq istiqamətində gənclərin fikir və düşüncələrini, təkliflərini eşitmək üçün müzakirələr aparırıq. Bu mühüm platformaya şərait yaratdığına görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm.

Nasir Əbdüləziz Əl-Nasir VII Qlobal Forumun qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addım olduğunu vurğulayaraq, Gənclər Forumunun mədəniyyətlərarası dialoq, təhsil, əməkdaşlıq və s. kimi konkret hədəflərə istiqamətləndiyini bildirib. Vurğulayıb ki, biz inklüziv cəmiyyətlər olmadan qarşıya qoyulan məqsədlərə nail ola bilmərik. Biz məhz gənclərin düşüncələri, fəaliyyətləri və təşəbbüsləri nəticəsində dünyanı daha yaxşı məkana çevirə bilərik.

“Gənclər dəyişikliyin əsas katalizatorlarıdır”, - deyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi təmsil etdiyi təşkilatın həyata keçirdiyi müxtəlif proqramlar çərçivəsində hər il gənclərin müxtəlif düşüncələrinin öyrənilməsi, habelə onların dünyanın fərqli bölgələrinin mədəniyyətlərini öyrənmələri baxımından mühüm imkanlar əldə etdiyini bildirib. O deyib ki, məhz bu mübadilə proqramları çərçivəsində gənclər dünyanın müxtəlif bölgələrində baş verən hadisələri, problemləri bilavasitə müşahidə edir, onları qiymətləndirir və həll olunması üçün daha artıq səy göstərməyə çalışırlar.

Nasir Əbdüləziz Əl-Nasir UNAOC-un Maliyyə Fondu tərəfindən gənclərin təşəbbüs və layihələrinin maliyyələşdirilməsinin onların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaratdığını vurğulayıb. Qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının dünyada mövcud problemlərin həlli ilə bağlı bəzi qətnamələrində gənclərin düşüncələri də nəzərə alınır. Biz bilirik ki, gənclərin təşəbbüslərini dəstəkləməsək, onların fəaliyyəti üçün əlverişli şərait yaratmasaq inklüziv cəmiyyət formalaşdırmaq mümkün deyil. Məhz bu baxımdan belə forumlar, tədbirlər, təqdimatlar mühüm əhəmiyyət kəsb edir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi çıxışının sonunda Forumun işinə uğurlar arzulayaraq, səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva dünyanın müxtəlif ölkələrindən olan gəncləri ölkəmizdə salamlayaraq, Bakı Forumunun qarşılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacağına əminliyini bildirərək dedi:

-Əminəm ki, Bakı Forumu bizim bütün dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı birgə səylərimizə öz töhfəsini verəcək. Azərbaycan Şərq ilə Qərbin kəsişməsində, Şərq müdrikliyi ilə Qərb tərəqqisinin qarşılaşdığı məkanda yerləşən qədim ənənələr və zəngin tarixə malik diyardır. Qədim zamanlarda Azərbaycan tarixi İpək Yolunun üzərində əsas mərkəz olub. Bu, Azərbaycanı tolerantlıq, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirərək mədəniyyətimizə inanılmaz dərəcədə təsir edib.

Azərbaycanın bu unikal coğrafi mövqeyi onun landşaftına da öz təsirini göstərib. Ölkəmiz ecazkar başı qarlı dağlar, sıldırım qayalar, sıx meşələr, çəmənliklər, düzənliklər diyarıdır. On bir iqlim qurşağından doqquzu Azərbaycanda var. Bu, bizə çox zəngin təbii mühit və biomüxtəliflik verir. Bəxtimiz gətirib ki, biz inanılmaz tarixə, müxtəlif mədəniyyət və zəngin biomüxtəlifliyə malikik. Mən əminəm ki, bizim ölkəmizdə olmaqdan zövq alacaqsınız.

İcazə verin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri qismində bəzi fikirlərimi bildirim. Mən bilirəm ki, statistik məlumatlar dəhşətlidir. Bu gün aclıq və aclıqla əlaqədar səbəblərdən hər dörd saniyədə bir nəfər dünyasını dəyişir. Daha kədərlisi odur ki, çox tez-tez uşaqlar dünyasını dəyişir. Bütün dünyada yoxsulluğa son qoyulması 2030-cu il gündəliyinin prioritetlərinə daxildir. Aclığı sıfra endirmək təşəbbüsü ilə çıxış edən FAO bu işdə vacib rol oynayır. Buna baxmayaraq, heç bir uşağın aclıq və ya yetərincə qidalanmamadan ölmədiyi bir dünyanı təmin etmək üçün biz hamımız birlikdə işləməliyik və çox çalışmalıyıq. Ərzaq bizim mədəni kimliyimizin və köklərimizin ayrılmaz hissəsidir. O, sivilizasiyalar arasında anlaşma və hörmətin təbliğinə yol açır. Ərzaq mədəniyyətlərarası anlaşma və tolerantlığın yaradılmasında güclü alət kimi çıxış edə bilər.

2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə beynəlxalq kampaniyaya başlandığını vurğulayan Leyla Əliyeva bildirib ki, bizim əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir. Planetin mühafizəsində gənclər artıq daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar.

Təsisçisi olduğu IDEA kampaniyası çərçivəsində son beş ildə Azərbaycanda görülən işlərdən danışan Heydər Əliyev Fondunun vitse-prezidenti bu müddətdə beş milyondan çox ağac əkildiyini bildirib. Bu yaxınlarda yerli icmalarla birgə fəaliyyətə başlandığı, ağacların kəsilməsinin qarşısının alınması üçün məlumatlandırma fəaliyyətinin, digər tədbirlərin görüldüyü, müxtəlif sənət sahələrindən tanınmış şəxslərin bu prosesə cəlb edildiyi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulduğu diqqətə çatdırılıb.

Leyla Əliyeva son illər IDEA-nın nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların qorunması istiqamətində də mühüm tədbirlər həyata keçirdiyini qeyd edib. Bu sahədə Xəzər tayqası layihəsinin də həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayan Leyla Əliyeva dedi:

-Əziz dostlar.

Bu gün bəşəriyyət sağ qalmaq sınağı ilə üzləşib. Hazırda bizim itkilər illərlə deyil, dəqiqələrlə ölçülür. Biz burada danışarkən hər 15 dəqiqədə bir fil brakonyerlərin ucbatından ölür və hər saatda 11 minə yaxın köpək balığı insanlar tərəfindən öldürülür. Yavaş-yavaş biz elə vaxta yaxınlaşırıq ki, bütün növlərin nəsli kəsiləcək. İndi bizim hərəkətə keçmək vaxtımızdır. Vaxt gözləmir. Mən bir daha sizə burada olduğunuza, iştirak etdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Mən bilirəm ki, bizim hər birimiz ətraf mühitin qorunmasına, təkcə gələcəyimiz deyil, bu günümüz üçün müsbət təsir göstərə bilərik.

Mən bilirəm ki, bu tədbirlər çox mühümdür, bizim bir-birimizlə görüşüb, ideyaları paylaşmağımız, söhbət etməyimiz vacibdir. Lakin ən mühümü bu an nəyin baş verdiyidir. Beləliklə, düşünürəm ki, hərəkətə keçmək vaxtıdır. Sizin hamınıza ölkəmizdə yaxşı vaxt keçirməyi, sevgi, cansağlığı və xoşbəxtlik, hər şeyin mümkün olduğuna, gələcəyin yalnız daha yaşıl, daha parlaq və daha yaxşı olacağına inam arzulayıram. Təşəkkür edirəm.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşmasının qarşıda duran problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nazir deyib ki, BMT Sivilizasiyalar Alyansının forumları artıq ənənəvi hal alıb və bu, gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır.

Azərbaycanda gənclər sahəsində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Azad Rəhimov bildirib ki, ölkəmiz gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir.

Bu il Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin Avropa Gənclər Paytaxtı olduğunu deyən Azad Rəhimov ölkəmizdə, həmçinin digər beynəlxalq tədbirlərin, o cümlədən skautların forumunun da təşkil edildiyini diqqətə çatdırıb. O bildirib ki, bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir.

Nazir deyib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir.

Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən Azad Rəhimov dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulmasının sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdid olduğunu bildirib. Qeyd edib ki, dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymayaraq bərabər inkişafa nail olmalıyıq.

Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin gücləndiyini və onların ciddi təhlükəyə çevrildiklərini deyən Azad Rəhimov bildirib ki, beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir. İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır.

Azad Rəhimov tədbir iştirakçılarına müraciət edərək deyib ki, siz ölkəmizdə olduğunuz müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış olacaqsınız. Nazir Forumda səmərəli müzakirələrin aparıldığını vurğulayaraq, gənclərin irəli sürdüyü təşəbbüs və təkliflərin dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Açılış nitqlərindən sonra tədbirdə iştirak edən gənclər xatirə şəkilləri çəkdiriblər.

Gənclər Forumu işini əməkdaşlıq toplantıları və biznes simpoziumla davam etdirib.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən mənfi halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

http://azertag.az/xeber/Bakida_BMT_nin_Sivilizasiyalar_Alyansinin_VII_Qlobal_Forumu_cherchivesinde_Gencler_Forumu_kechirilib_VIDEO-945631 

növbəti xəbər əvvəlki xəbər