2016-05-07
Səfir Anar Məhərrəmov: Azərbaycan ərazi bütövlüyünü, milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında qoruyur

Rusiyanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə mayın 7-də Madridin Fuenkarral xiyabanında ucaldılmış abidənin önündə faşizm üzərində Qələbənin qazanılmasının 71-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Ermənistanın İspaniyadakı diplomatik nümayəndələri və hərbi attaşeləri iştirak ediblər.

Rusiyanın İspaniyadakı səfiri Yuri Korçagin Qələbənin əldə olunmasında sovet xalqının göstərdiyi şücaətdən danışıb.

Azərbaycanın İspaniyadaki səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək Qələbə gününün xalqlarımızın ümumi nailiyyəti olduğunu deyib. O, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın böyük rolundan və xalqımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Vurğulayıb ki, müharibə illərində istifadə olunan neftin 70 faizi məhz ölkəmiz tərəfindən təmin edilirdi. Böyük Vətən Müharibəsində 600 min azərbaycanlı döyüşüb, 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Tədbirdə çıxış edən Ermənistan səfirinin əsassız fikirlərinə cavab olaraq Anar Məhərrəmov Azərbaycan xalqının daim sülhsevər xalq olduğunu vurğulayıb. O, Azərbaycan dövlətinin müstəqil siyasət yürütdüyünü və heç zaman hər hansı bir ölkəyə qarşı ərazi iddiası olmadığını diqqətə çatdırıb. “Biz müharibə istəmirik. Biz beynəlxalq hüququn prinsip və normaları əsasında öz suverenliyimizi, ərazi bütövlüyümüzü, milli maraqlarımızı qoruyuruq və regionda sülhün tezliklə bərpa olunmasının tərəfdarıyıq”, - deyə Azərbaycan səfiri vurğulayıb.

Mərasimin sonunda müharibə zamanı həlak olanların xatirəsinə ucaldılmış abidənin qarşısına gül-çiçək dəstələri düzülüb.

http://azertag.az/xeber/Sefir_Anar_Meherremov_Azerbaycan_erazi_butovluyunu_milli_maraqlarini_beynelxalq_huququn_norma_ve_prinsipleri_esasinda_qoruyur-949760

növbəti xəbər əvvəlki xəbər