2016-06-15
Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı keçirilib

13-14 iyun tarixlərində Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin və Julia Reig Fondunun dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısı keçirilib. “Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, XXI əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Serageldin, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak ediblər.

Ali səviyyəli görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Anar Məhərrrəmov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak ediblər.

Tədbirin açılışında Antoni Marti, Mladen İvaniç, Vayra Vike-Frayberqa, İsmayıl Serageldin və Novruz Məmmədov çıxış ediblər.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tədbirin təşkilinə görə NGBM-yə və Andorranın Baş naziri Antoni Martiyə təşəkkür edib. Novruz Məmmədov müasir dünyada baş verən proseslər, yaşanan problemlər, qloballaşma dövrünün qarşılaşdığı çətinliklər barədə söhbət açıb. “Bu gün dünya birliyi Yaxın Şərqdə münaqişələr, Avropada qaçqın böhranı və s. kimi çətinliklərlə üzləşir. İlk növbədə bu problemlər dərindən təhlil edilməldir. Bu məsələlər çox böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd səbəbi kökündən araşdırmaqdır”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib. O, eyni zamanda, hazırkı dövrdə törədilən terror aktlarına toxunub və qeyd edib ki, bu gün ABŞ da daxil olmaqla dünya ölkələri bu təhlükə ilə üzləşirlər.

“Qloballaşmaya yeni baxış” panelində çıxış edənlər qloballaşan dünyada artan bərabərsizlik, şirkətlərin ucuz işçi qüvvəsindən və məhdud sosial müdafiədən yararlanması səbəbindən qloballaşmanın istənilməyən nəticələrinin aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparıblar. Paneldə qlobal biznes və demokratiya arasında balansın saxlanılması, həmçinin daha yaxşı idarəçiliklə qloballaşmanın çatışmazlığının aradan qaldırılması yolları müzakirə olunub. Panel iclasda, həmçinin qloballaşan dünyada qüvvələr balansı, beynəlxalq hüquq, iqtisadi məsələlər, texnoloji inqilablar və digər önəmli mövzulara da toxunulub.

“Gələcəyin siyasi xəritəsi” mövzusunda keçirilən panel iclasda regional təmsilçilik, müxtəlif bölgələrdəki münaqişələr, idarəçilik, qloballaşan dünyada dövlətlərin rolu, siyasətin regionallaşması və iqtisadiyyatın qloballaşması kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Paneldə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən Novruz Məmmədov bildirib ki, Varşava Paktı və SSRİ-nin süqutundan sonra münaqişələr beynəlxalq münasibətlərdə ədalətin yoxluğu səbəbindən baş verib. Azərbaycan müstəqillik illərində sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edə bilib. Ancaq qonşu ölkə ilə problemimiz gələcək inkişafımıza mane olur. Münaqişənin həllində beynəlxalq hüquqa əməl edilmir, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir. ATƏT-in Minsk qrupunun həmsədrləri 25 ildir effektiv iş ortaya qoya bilməyib. Bütün bu proseslər geosiyasi maraqlara qurban verilir. Münaqişə davam edir, lakin əməli iş görülmür. Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın işğal edilmiş 20 faiz ərazisindən məcburi köçkün düşmüş şəxslərin hüquqlarından, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən danışılmır.

Bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu ilə təmas xəttində həyata keçirdiyi hərbi təxribatlara toxunan Novruz Məmmədov diqqətə çatdırıb ki, aprel döyüşlərində Ermənistan tərəfi fosfor bombalarından istifadə edib, diplomatik korpusun hərbi attaşeləri də bunun şahidi olub. Prezident Administrasiyasının rəsmisi ermənilərin Azərbaycana nüvə bombası ilə hədə-qorxu gəldiklərini də diqqətə çatdırıb.

Novruz Məmmədov Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyini diqqətə çatdırıb və bildirib ki, beynəlxalq ictimaiyyət bu cür məsələlərə vaxtında reaksiya göstərməlidir, lakin işğalçı Ermənistana heç bir təzyiq göstərilmir, sanksiya tətbiq edilmir.

“Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər şeyi edən bir ölkədir. Azərbaycanın təşəbbüsü və istəyi ilə reallaşdırılan TAP layihəsi də bunun parlaq göstəricisidir. Son 25 ildə Azərbaycanın daxili və xarici siyasəti səmimi, qarşılıqlı və faydalı əməkdaşlığa istiqamətlənib. Azərbaycan İslam və Xristian dünyalarının sərhədində, Şərq və Qərb, Şimal və Cənub arasında bir ölkədir. Ölkəmiz ABŞ və Avropa dövlətləri ilə uğurlu və hərtərəfli əməkdaşlıq qurur”, - deyə Novruz Məmmədov çıxışında bildirib.

Prezident Administrasiyasının rəsmisi çıxışının sonunda diqqətə çatdırıb ki, bu cür münaqişələrin həll yolunu tapmaq üçün nəzəriyyə və proqnozlardan konkret əməli addımlara keçmək lazımdır.

“Qloballaşan dünyada insanların gücü” mövzusuna həsr edilmiş bağlanış mərasimində Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Andorra parlamentinin vitse-prezidenti Monika Bonell, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin çıxış ediblər.

Beləliklə, iki gün davam edən toplantı işini yekunlaşdırıb.




növbəti xəbər əvvəlki xəbər