2016-06-30
BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Azərbaycanın bu qurum çərçivəsində fəaliyyətini yüksək qiymətləndirir

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov iqamətgahı Madrid şəhərində yerləşən BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai ilə görüşüb.

Səfir A.Məhərrəmov Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayıb, dövlətimiz tərəfindən bu sahənin inkişafına böyük əhəmiyyət verildiyini və turizm sektorunda islahatların uğurla davam etdirildiyini xüsusilə qeyd edib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasını diqqətə çatdıraraq cari il sentyabrın 27-də Bakıda “Multikultural cəmiyyət və turizm” adlı birgə “dəyirmi masa”nın keçiriləcəyini və sözügedən tədbirin 27 sentyabr – Dünya Turizm Gününə və 29 sentyabr- Azərbaycanın DTT-yə üzv olmasının 15-ci ildönümünə təsadüf etdiyini bildirib.

T.Rifai 2016-cı ilin mart ayında Bakıya sonuncu səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilmiş səmimi görüşü xatırlayaraq Azərbaycanda son illər ərzində müxtəlif sahələrlə yanaşı, turizm sahəsində də aparılan islahatların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. O, cari ilin iyun ayında Bakıda keçirilmış Formula-1 yarışını böyük maraqla izlədiyini bildirib, bu tədbirin yüksək səviyyədə və uğurla təşkilinə görə ölkəmizi təbrik edib.

Baş katib Azərbaycanın DTT-yə üzvlüyünün 15 illiyi münasibətilə təbriklərini çatdıraraq səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

T.Rifai Azərbaycanın 2013-cü ildə DTT-nin İcraiyyə Şurasına üzv seçildiyini, həmçinin etika komitəsi üzrə işçi qrup çərçivəsində ölkəmizin sədrlik etdiyini söyləyib və oradakı fəal iştirakından razılığını bildirərək bu cür fəaliyyətin gələcəkdə Azərbaycanın irəli sürüləcək hər hansı bir namizədliyinin dəstəklənməsinə zəmin yaratdığını qeyd edib.

Baş katib Azərbaycan tərəfindən irəli sürülmüş “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması” adlı təşəbbüsün 2015-ci ildə Şura üzvlərinin dəstəyi ilə qəbul edildiyini müsbət hal kimi qiymətləndirib və bununla da işğal olunmuş Dağlıq Qarabağ ərazisinə turist səfərlərinin təşkilinin qarşısının alınması üçün imkanın yaradıldığını xüsusi vurğulayıb.

 

növbəti xəbər əvvəlki xəbər