2016-10-02
Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycan Respublikasında pastoral səfərdə olub

Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycan Respublikasında pastoral səfərdə olub. Azərbaycana səfəri çərçivəsində messa - dini mərasim keçirmək üçün ilk öncə Roma Papası Fransisk Bakıdakı Katolik Kilsəsinə gedib. Roma Papasını ölkəmizdə yaşayan və fəaliyyət göstərən katolik icmasının üzvləri böyük hərarətlə qarşılayıblar.

Daha sonra Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.

Roma Papası Fransisk oktyabrın 2-də həmçinin Şəhidlər xiyabanını da ziyarət edib.  Papa Fransisk Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Roma Papasına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər. Burada Roma Papası Fransisk Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri ilə də görüşüb.

Roma Papası Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdıqdan sonra xatirə şəkli çəkdirilib.

Azərbaycana səfəri çərçivəsində Roma Papası Fransisk Heydər Məscidində də olub, burada ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb. Roma Papası Fransiski Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.

Allahşükür Paşazadə Heydər Məscidi barədə qonağa məlumat verib. Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransisklə təkbətək görüşü keçirilib.

Daha sonra Roma Papası Fransiskin ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşü olub. Sonda Roma Papası Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə söhbət edib.

 

növbəti xəbər əvvəlki xəbər