2016-11-02
İspaniyanın Kataloniya bölgəsində yaşayan azərbaycanlılarla görüş keçirilib

Görüşdə dövlətçiliyimiz naminə fəaliyyətin artırılmasının vacibliyi qeyd olunub

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov Barselonada yaşayan azərbaycanlılar ilə görüşüb.

Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə səfir Anar Məhərrəmov həmyerlilərimizin qarşısında duran əsas məqsəd və vəzifələrə dair onlarla fikir mübadiləsi aparıb.

Kataloniyanın İspaniyanın özünəməxsus regionlarından biri olduğunu qeyd edən səfir burada mütəmadi olaraq separatist yönümlü şüarların səsləndirildiyini vurğulayıb, bu baxımdan ölkəmizin milli mənafeyinə zidd ola biləcək addımların qarşısının alınmasında Barselonada yaşayan azərbaycanlıları daha mütəşəkkil və fəal olmağa çağırıb.

Daha sonra İspaniyada yaşayan azərbaycanlıların bir neçə region üzrə mütəşəkkil təşkilatlarının yaradılmasının vacibliyi müzakirə olunub. Xaricdə yaşayan həmvətənlərimizin fəaliyyəti barədə danışan səfir diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi üçün dövlətimiz tərəfindən müvafiq tədbirlərin görüldüyünü və bu məsələnin Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib.

Anar Məhərrəmov bildirib ki, İspaniyada ölkəmizin maraqları baxımından fəal təbliğat işinin aparılması üçün tezliklə Madriddə Yaşayan Azərbaycanlıların Assosiasiyası fəaliyyətə başlayacaq. Bu Assosiasiyanın əsas məqsədi səfirliyin koordinasiyası ilə İspaniyada mövcud olan digər assosiasiyalar arasında əlaqələndirmənin həyata keçirilməsindən ibarət olacaq.

Qeyd edilib ki, mütəmadi görüşlərin keçirilməsi, tədbirlərin hazırlanması, təbliğat materiallarının yayılması dövlətçilik fəaliyyətimizə böyük töhfə verəcək. Səfir bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi üçün İspaniyada yaşayan türklərlə əlaqələrin qurulmasının və birgə tədbirlərin keçirilməsinin önəmini qeyd edib.

Görüşdə iştirak edən azərbaycanlılar təşkil olunmuş səmimi görüş üçün səfirə təşəkkürlərini bildiriblər. Həmvətənlərimiz səsləndirilən fikir və təklifləri məqsədəuyğun hesab etdiklərini bildirib, bu istiqamətdə fəaliyyətlərini artıracaqlarını qeyd ediblər.

Barselonada Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov çıxış edərək İspaniyada yaşayan azərbaycanlılar arasında əlaqələndirmənin inkişaf etdirilməsi baxımından belə görüşlərin keçirilməsinin önəmini vurğulayıb.

Görüşdə səfir Anar Məhərrəmov həmvətənlərimizin suallarını cavablandırıb, təklif edilən məsələlərin öyrənilərək onlara dair müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

http://azertag.az/xeber/Ispaniyanin_Kataloniya_bolgesinde_yasayan_azerbaycanlilarla_gorus_kechirilib-1007157

 

 

 

növbəti xəbər əvvəlki xəbər