2016-12-22
Azərbaycanın İspaniyadakı səfirliyində EFE agentliyinin rəhbərliyi ilə görüş keçirilib

Səhər yeməyi masası arxasında keçirilən görüşdə səfir Anar Məhərrəmov qonaqları salamlayaraq onları səfirlikdə görməkdən məmnunluğunu ifadə edib.

Görüş zamanı İspaniyanın EFE agentliyinin prezidenti Xose Antonio Vera cari ilin noyabrında Bakıya etdiyi çox maraqlı və məhsuldar səfərin təəssüratlarını bölüşüb, Dünya Xəbər Agentliklərinin mütəmadi keçirilən Konqresinin gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək üçün faydalı müzakirə platformasına çevrildiyini qeyd edib. EFE-nin prezidenti vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkə kimi bütün dini inanclara hörmətlə yanaşır və uzun əsrlərboyu formalaşan zəngin mədəniyyətə malikdir. Xose Antonio Vera Azərbaycan xalqının dinamik bir cəmiyyəti təmsil etdiyinin əyani şahidi olduğunu deyib.

EFE və Azərbaycanın ən böyük informasiya agentliyi olan AZƏRTAC arasında səfər çərçivəsində imzalanmış əməkdaşlıq müqaviləsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran Xose Antonio Vera bu sənədin iki ölkə, həmçinin Latın Amerikası ölkələri arasında xəbər mübadiləsinin intensivləşdiriləcəyinə imkan verəcəyini bildirib.

Daha sonra ölkələrimiz arasında mövcud dostluq münasibətlərindən söz açan səfir Anar Məhərrəmov, son zamanlar İspaniya mətbuatında EFE-yə istinad edilərək Azərbaycanın mənafeyinə zidd xəbərlərin yer almasının xoşagəlməz hal olduğunu vurğulayıb və bundan ciddi narahatlığını ifadə edib. Qeyd olunub ki, EFE-nin Moskva bürosu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqəti əks etdirməyən məqalələr dərc olunur və bu da Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin səviyyəsinə cavab vermir. Səfir Anar Məhərrəmov dediklərinə əsas olaraq İspaniyanın müxtəlif mətbuat orqanlarında EFE-yə istinadla dərc olunmuş məqalələri Xose Antonio Veraya təqdim edib. Eyni zamanda, vurğulanıb ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ispaniyalı tədqiqatçı-alim tərəfindən qanunsuz olaraq aparılmış arxeoloji qazıntılar ölkəmizin tarixini təhrif edir və bu, ciddi narazılıq doğurur. Bu məsələ ilə bağlı faktları əks etdirən materiallar da EFE prezidentinə təqdim olunub.

Belə xoşagəlməz materialların EFE-yə istinadən dərc olunmasını narahatlıqla qəbul etdiyini bildirən Xose Antonio Vera vurğulayıb ki, bu cür xəbərlərin İspaniya mətbuatında yer alması EFE ilə AZƏRTAC arasında mövcud əməkdaşlıq ruhuna cavab vermir. Bununla belə, dərc olunmuş məqalələrlə bağlı məsuliyyətin birbaşa EFE-nin üzərinə düşdüyünü təsdiq edən Xose Antonio Vera Moskva bürosu ilə əlaqə saxlanılaraq gələcəkdə belə yanlışlıqların baş verməməsi üçün müvafiq tədbirlərin görüləcəyini vəd edib. Həmçinin AZƏRTAC-ın Rusiyadakı müxbiri ilə EFE-nin Moskva bürosunun təmsilçisi arasında görüşün keçirilməsinin faydalı ola biləcəyini deyən Xose Antonio Vera iki ölkə arasında informasiya mübadiləsi sahəsindəki əlaqələrimizin yüksələn xətt üzrə davam edəcəyinə əminliyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

növbəti xəbər əvvəlki xəbər