2017-05-11
İspaniyada ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib

Mayın 10-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən Madrid şəhərində yerləşən Kolon Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən anma mərasimi keçirilib.

Mərasimdə Türkiyə, Qazaxıstan, Ukrayna, İran və Gürcüstanın bu ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri, İspaniyada işgüzar səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər ölkələrin diplomatları, İspaniya ictimaiyyətinin, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və burada yaşayan azərbaycanlılar iştirak ediblər.

Anma mərasimində səfir Anar Məhərrəmov çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edib, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və ölkədə sabitliyin bərqərar olmasında müdrik rəhbərin müstəsna xidmətlərini diqqətə çatdırıb.

Vurğulanıb ki, xatirəsi xalqımız tərəfindən daim əziz tutulan Heydər Əliyevin qoyub getdiyi zəngin siyasi irs və təcrübə əsasında Azərbaycan dövləti daha da güclənir, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün beynəlxalq aləmdə nüfuzlu yeri olan Azərbaycan regionda aparıcı dövlət olmaqla bərabər, həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək qeyd edib ki, ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin diqqət və qayğısı hiss olunmasın. Azərbaycan mədəniyyətinin, incəsənətinin tanınmasında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır.

Əbülfəs Qarayev Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin dünyada tanıdılması və təbliğ olunmasında Heydər Əliyevin siyasi irsinin davam etdirilməsinin böyük əhəmiyyəti olduğunu bildirib.

Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon Heydər Əliyevi tarixi bir şəxsiyyət kimi dəyərləndirib, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və ölkələrimiz arasında əlaqələrin bugünkü yüksək səviyyədə olmasında müstəsna rolunu diqqətə çatdırıb.

Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotokompozisiyanın nümayiş olunduğu tədbirdə dahi bəstəkarlar Üzeyir Hacıbəylinin “Sənsiz” romansı və Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi” İspaniyanın “Joaquin Turina” adına Konservatoriyasının müəllimi, həmyerlimiz Nigar Əskərovanın pianoda ifası ilə mərasim iştirakçılarına təqdim edilib.

 

növbəti xəbər əvvəlki xəbər