2017-05-24
İspaniyanın Rey Juan Carlos Universitetində Azərbaycanın multikulturalizm modelinə dair seminar keçirilib

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaxından iştirakı ilə mayın 24-də Madriddə bu ölkənin məşhur Rey Juan Carlos Universitetində “Azərbaycandakı multikulturalizm modeli” adlı birinci seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Rey Juan Carlos Universitetinin prorektoru professor Xose Mariya Alvarez Monsonsiyo belə bir əhəmiyyətli tədbirin təşkili üçün Azərbaycanın İspaniyadakı səfirliyinə təşəkkürünü bildirib. Tədbirin mövzusunun aktuallığının qloballaşan dünyada daha da artdığını qeyd edən prorektor bu mühitdə multikulturalizm dəyərlərinin əhəmiyyətini vurğulayıb. X.M.A.Monsonsiyo Azərbaycanın qədim İpək Yolunun üzərində yerləşdiyini, bu coğrafiyada uzun illər ərzində böyük sivilizasiyaların bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu, tarix boyu müxtəlif xalqların və onların dəyərlərinin formalaşdırdığı multikultural mühitin bu gün Azərbaycanda qorunub saxlanıldığını və ölkəmizin regionun aparıcı dövlətinə çevrildiyini xüsusilə qeyd edib. Prorektor, eyni zamanda, seminarın gələcək əməkdaşlıq və təcrübə mübadiləsi üçün başlanğıc olacağını bildirib.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov seminarda çıxış edərək ölkəmizin əsrlər boyu sürən multikulturalizm ənənələri barədə ətraflı məlumat verib. Müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın hər zaman dinlərin və milli mənsubiyyətlərin dostluq və sülh şəraitində yaşadığı ölkə, Bakının isə tolerantlıq simvolu olduğunu bildirən səfir bunun digər millətlər arasında dini mənsubiyyətə görə fərqin qoyulmamasından irəli gəldiyini qeyd edib.

Səfir Anar Məhərrəmov xüsusi vurğulayıb ki, ölkəmizdə mövcud olan multikultural həyat tərzi Azərbaycan dövlətinin siyasətidir. Səfir A.Məhərrəmov son illər ərzində ölkəmizdə beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyini bildirərək, Azərbaycanın BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər irimiqyaslı tədbirlərə uğurla ev sahibliyi etdiyini deyib. Səfir, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkədə “Multikulturalizm İli” elan edildiyini və həmin ilin noyabrında İspaniyanın Madrid və Mursiya şəhərlərində “Dinlərarası dialoqun Sülhə və Multikultural həyata töhfəsi” adlı konfransların keçirildiyini diqqətə çatdırıb. Səfir A.Məhərrəmov bu tədbirlərin davamı olaraq və buna misal olaraq cari il mayın 5-6-da Azərbaycanda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 120 ölkədən 800-dən artıq qonağın iştirak etməsinin Azərbaycanın bu sahədə həyata keçirdiyi dövlət siyasətinə digər ölkələrin göstərdiyi marağın bariz nümunəsi olduğunu xüsusilə qeyd edib.

Anar Məhərrəmov çıxışında, həmçinin gələcəkdə Rey Juan Carlos Universitetində, habelə İspaniyanın mümkün digər universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədris olunması imkanlarının araşdırılması baxımından bu ölkədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılması üzrə faydalı əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ceyhun Eminli təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Azərbaycan multikulturalizminin tarixi, bu sahədə elmi araşdırmalar və ölkədə yaşayan müxtəlif xalqlar barədə məlumat verilib. Sərxanbəy Xuduyev təmsil etdiyi mərkəzin dünyanın 8 ölkəsində filialının açılmasından, Azərbaycan multikulturalizmi fənninin 15 xarici, 38 yerli universitetdə tədrisi, ölkəmizdə mütəmadi təşkil edilən multikulturalizm yay və qış məktəbləri haqqında ətraflı danışıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq alim Ceyhun Eminli tələbələrə “Qafqaz Albaniyasının tarixi və irsi” mövzusunda mühazirə oxuyub. Alim vurğulayıb ki, çoxsaylı yunan-Roma yazılı tarixi mənbələrində - Strabon, Ptolomey, Elian və Böyük Plininin əsərlərində əks olunduğu kimi, Qafqaz Albaniyası eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından Şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edən ölkəmizdəki ilk dövlət quruluşudur. Burada qədim dövrlərdə maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşayıb. Bunların arasında saklar, qarqarlar, quzlar, suranlar, şirvanlar, kanqarlar, hunlar, şamaklar, muğlar, türklər və digər türkdilli tayfalar üstünlük təşkil ediblər.

Portuqaliyanın Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Portuqaliya filialının rəhbəri professor Teresa Damasio “Multikulturalizmdə Azərbaycan metodu” adlı təqdimatında təhsildə mədəniyyətlərarası dialoqun rolundan və müasir dünyada tolerantlığın əhəmiyyətindən danışıb. Teresa Damasio Qafqaz regionunda Azərbaycanın artan nüfuzunu qeyd edərək ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qədim tarixə malik olduğunu vurğulayıb.

Seminar çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, həmçinin “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda fotosərgi nümayiş etdirilib.

növbəti xəbər əvvəlki xəbər