2017-09-22
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov “Atletiko Madrid” klubunun prezidenti Enrike Serezo ilə görüşüb.

Madrid, 22 sentyabr 

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov “Atletiko Madrid” klubunun prezidenti Enrike Serezo ilə görüşüb.

Görüş Ağdamın “Qarabağ” və İspaniyanın “Atletiko Madrid” futbol klubları arasında keçiriləcək oyun öncəsi məlumatlandırma xarakteri daşıyıb.

Enrike Serezo “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə səfir Anar Məhərrəmovu təbrik edib, komandamıza gələcək qarşılaşmalarda uğurlar arzulayıb.

Səfir Anar Məhərrəmov xoş sözlərə görə klub prezidentinə təşəkkürünü bildirib. “Qarabağ”ın tarixi və uğurları barədə məlumat verən diplomat klubun yarandığı gündən etibarən ölkə çempionatlarında aktiv iştirak edərək azarkeşlərini daim sevindirdiyini deyib: “Əfsuslar olsun ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi nəticəsində klubun vətəni olan Ağdam şəhəri 1993-cü ildə düşmən nəzarətinə keçib. Bu səbəbdən “Qarabağ” klubu ev oyunlarını Bakı şəhərində keçirmək məcburiyyətindədir.

Azərbaycanlı diplomat Prezident İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi, idmana göstərilən qayğı və diqqətdən də bəhs edib. Məhz bu baxımdan təsadüfi deyil ki, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında ölkəmiz ikinci, 2017-ci ildə təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarda isə komanda hesabında birinci yerə layiq görülüb. Bildirilib ki, “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını məhz yuxarıda adıçəkilən yarışların açılış və bağlanış mərasimlərinin keçirildiyi Bakı Olimpiya Stadionunda keçirəcək.

“Atletiko Madrid”in prezidenti “Qarabağ” futbol klubunun oyunlarını izlədiyini deyib və komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini ciddi uğur adlandırıb. Azərbaycanda futbolun yüksək sürətlə inkişaf etdiyini bildirən E.Serezo bundan məmnunluğunu vurğulayıb. Bakıda bir neçə dəfə olduğunu qeyd edən klub prezidenti qarşıdakı oyunla əlaqədar bu gözəl şəhərə bir daha səfər edəcəyindən məmnunluq ifadə edib.

Görüşdə Enrike Serezo Anar Məhərrəmovu klubun yeni stadionu “Vanda Metropolitano” barədə məlumat verərək, səfiri “Atletiko Madrid”in oyunlarına baxmağa dəvət edib.

Sonda səfir Anar Məhərrəmov xatirə hədiyyəsi olaraq “Qarabağ” klubunun Enrike Serezo üçün xüsusi tərtib etdiyi formanı klub prezidentinə təqdim edib.

 

https://azertag.az/xeber/Azerbaycanin_Ispaniyadaki_sefiri_Atletiko_Madrid_klubunun_prezidenti_ile_gorusub-1096002

 

 

 

növbəti xəbər əvvəlki xəbər