2018-07-13
Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovu qəbul edib

Cari ilin 11 iyul tarixində Ümumdünya Turizm Təşkilatının Madrid şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmovla Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilmişdir.

Görüş zamanı Azərbaycanda son illərdə turizm sektorunda həyata keçirilmiş tədbirlərin nəticəsi kimi ölkədə turizm sahəsində sürətli inkişafa nail olunduğu, Bakıda və regionlarda turizmin inkişafı üçün yüksək səviyyədə infrastrukturun yaradıldığı qeyd olunmuş, habelə Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlığın əsas istiqamətləri və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Ümumdünya Turizm Təşkilatının Baş katibi Z. Pololikaşvili ölkəmizdə turizm sahəsinin yüksək templə inkişaf etdiyini, dövlətin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi Azərbaycana turist axınının artdığını bildirmişdir. Cari ilin 4 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnuniyyətlə xatırlayan Baş katib, görüş zamanı müzakirə edilən məsələlərin turizmin inkişafına töhfə verəcəyini qeyd etmişdir.

 Z.Pololikaşvili 2019-cu ildə Bakının Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edəcəyinin, habelə ölkəmizin cari ilin 7 iyun tarixində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən beynəlxalq turizm məkanı mükafatına layiq görülməsinin bir daha Azərbaycanın regionun turizm mərkəzinə çevrildiyinin təcəssümü olduğunu və əldə edilmiş nailiyyətlərin yalnız Azərbaycanda deyil, həmçinin ümumilikdə dünyada turizmin inkişafına töhfə verdiyini qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər