2018-08-03
Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Global Ambassadors” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş məqalə dərc edilmişdir

Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Global Ambassadors” jurnalında Azərbaycan Respublikasının İspaniya Krallığındakı və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmovun müəllifi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı məqalə çap etdirilmişdir.

Məqalədə 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyi, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğu qeyd olunmuş, habelə gənc dövlətdə dünyanın bir çox dövlətindən daha öncə qadınlara kişilərlə bərabər hüquqların təmin edilməsi vurğulanmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində əldə edilmiş nailiyyətlərdən bəhs edilərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin, ölkədə milli məfkurənin formalaşmasına əhəmiyyətli dərəcədə töhfə vermiş Bakı Dövlət Universitetinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığı əks olunmuşdur.

Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığı, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etdiyini qeyd olunaraq, Azərbaycan xalqının istəyi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə bütün sahələrdə inkişafa nail olunduğu, Azərbaycanın regionda lider ölkəyə çevrildiyi bildirilmişdir.

Məqalədə həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyevin siyasi kursu bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda əhəmiyyətli uğurlar əldə etmişdir. 2018-ci il 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkilərində İlham Əliyevin  böyük səs çoxluğu ilə qələbəsi onu göstərmişdir ki, Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs vermişdir.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş və Cümhuriyyətin 100 illiyi həm ölkə daxilində, həm də ölkədən kənarda təntənəli şəkildə qeyd edilmişdir.

əvvəlki xəbər