2018-09-11
Moldovanın Kişinyov şəhərində Dünya Turizm Təşkilatının və Moldova Hökumətinin birgə təşkilatçılığı ilə Şərab Turizmi üzrə 3-cü Qlobal Konfrans keçirilib

Tədbir zamanı şərab turizminin turizm sektorunun sürətlə inkişaf edən sahələrindən biri olmasına, bu sahənin ölkələrin iqtisadiyyatının inkişafına töhfəsinə və şərabçılığın turizmin digər sahələri ilə əlaqəsinə dair müzakirələr aparılmışdır.

Tədbiri çıxış nitqi ilə açan Moldovanın Baş naziri Pavel Filip Moldovada şərab turizminin inkişafı barədə məlumat verərək, şərabçılıq sahəsinə dövlət qayğısı nəticəsində bu gün Moldovanın dünyada şərabçılıq üzrə qabaqcıl ölkələrdən birinə çevrildiyini bildirmişdir.

Dünya Turizm Təşkilatının Baş katibinin müavini Xaime Kabal öz çıxışında turizmin bütün sahələri üzrə inkişafa nail olunduğunu qeyd edərək, bu mənada şərab turizminin əhəmiyyətinə diqqəti yönəltmişdir. X.Kabal öz çıxışında Şərab Turizmi üzrə Qlobal Konfransların keçirilməsinin şərab turizminin daha da inkişaf etdirilməsinə xidmət etdiyini bildirmişdir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, eyni zamanda Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov şərabçılığın Azərbaycanda prioritet sahələrdən biri olduğunu qeyd edərək, dövlət başçısının diqqət və qayğısı nəticəsində, bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların təzahürü kimi, Azərbaycan şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini, ölkə şərablarının və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yuksəldilməsi və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını xüsusi vurğulamışdır.

Qeyd olunmuşdur ki, ölkədə qəbul edilmiş dövlət proqramları nəticəsində Azərbaycanda şərabçılığın inkişafı böyük vüsət almış, “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.

Konfransda şərabçılıq sahəsi üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edərək, şərab turizminin inkişafı, bu sahədə mövcud problemlər barədə geniş müzakirələr aparmışlar.

Dünya Turizm Təşkilatının himayəsi altında şərab turizmi üzrə qlobal konfransların keçirilməsi  tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq, bu cür konfransların şərab turizminin inkişafına töhfə verdiyi və şərabçılıq sahəsində qabaqcıl dövlətlərin, bu sahədə fəaliyyət göstərən tanınmış ekspertlərin təcrübəsinin öyrənilməsi baxımından vacibliyi qeyd edilmişdir.

Tədbir zamanı Şərab Turizmi üzrə 4-cü Qlobal Konfransın Çilidə keçirilməsinə dair razılıq əldə edilmişdir.

 

 

növbəti xəbər əvvəlki xəbər