2019-01-25
Ölkəmizin İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüb

Madrid şəhərində təşkil olunmuş V Turizm İnnovasiyaları Forumu çərçivəsində Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüb.

Görüşdə turizm sektorunun ölkəmizdə prioritet sahələrdən biri olduğu qeyd edilərək, Azərbaycanın sözügedən sahədə beynəlxalq və regional əməkdaşlığa mühüm önəm verdiyi, bu mənada cari ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsinin təsadüfi olmadığı bildirilib.

Səfir Anar Məhərrəmov ölkəmizin İspaniya ilə əlaqələrinin daha da inkişaf etməsində maraqlı olduğunu bildirərək, bu baxımdan qarşılıqlı yüksək səviyyəli səfərlərin vacibliyini qeyd edib.

Öz növbəsində, Pedro Sançes İspaniya ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü məmnunluqla qeyd edib.

İspaniyanın dünyanın ən çox turist qəbul edən ölkələrindən biri olduğunu qeyd edən Baş nazir Pedro Sançes, Azərbaycanda da turizm sektorunun sürətlə inkişaf etdiyini nəzərə alaraq bu istiqamətdə ölkəsinin müsbət təcrübəsinin Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd bildirdi.

Sonda Pedro Sançes Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda uğurla keçiriləcəyinə inamını ifadə etdi.

 

növbəti xəbər əvvəlki xəbər