2019-02-22
İspaniyanın paytaxtı Madrid şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım mərasimi keçirilib

Azərbaycan Respublikasının İspaniya KrallığındakıSəfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verərək, bu soyqırımı cinayətinin təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib.

Səfir A. Məhərrəmov “Xocalıya ədalət” kampaniyası barədə məlumat verərək, kampaniyanın əsas məqsədinin 27 il öncə Xocalıda baş verən qətliam barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi olduğunu vurğulayıb.

Səfir A. Məhərrəmov 1918-ci il mart soyqırımı nəticəsində 12 min azərbaycanlının qətlə yetirildiyi, 1988-ci ildən başlayaraqErmənistanın Azərbaycana qarşıhərbi təcavüzü nəticəsində beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının kobud şəkildə pozulması ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb

Səfir bildirib ki, məhz milli mənsubiyyətinə görə Azərbaycanlılara qarşı 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin itkin düşmüşdür.

Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir Anar Məhərrəmov, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb.

Səfir A. Məhərrəmov diqqətə çatdırıb ki, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilməsinə baxmayaraq, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməməsi təəssüf doğurur.

Səfir qeyd edib ki, ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin Ermənistan tərəfi danışıqlar prosesində qeyri-konstruktivlik nümayiş etdirərək Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edir.Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün beynəlxalq hüququn bütün vasitələrindən istifadə edəcəyi dəfələrlə bəyan edilmişdir.

Ərazilərinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın bu gün regionda lider ölkəyə çevrildiyi, bir çox iri regional layihələrinin təşəbbüskarı və iştirakçısı olduğu qeyd edilib.

Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Cihad Erginay Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycanın torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü bildirib. C.Erginay Xocalı qətliamının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət əməli olduğunu qeyd edərək, bu cinayəti törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının məfkurəyə çevrilərək iki qardaş ölkə arasında münasibətlərinin simvoluna çevrildiyini qeyd edən Cihad Erginay, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Anım mərasimində çıxış edən İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun direktoru Migel Alvares de Eulate Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, insan hüquqlarının kobudcasına pozulduğunu qeyd edib. Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyinə diqqət çəkən M.A. de Eulate tezliklə cinayətkarların cəzalandırılacağına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunacağına və Azərbaycanın ərazi bütövlüyünün bərqərar olacağına ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış, müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı faktları və çağırışları özündə əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Simfonik orkestrin ifasında, tanınmış Fransalı bəstəkar Pier Tiloyun tərəfindən bəstələnmiş “Xocalı 613” əsərinin sədaları altında real faktlara əsaslanan Xocalı haqqında sənədli film nümayiş etdirilib.

Sonda qonaqlar “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm əsərlərinin sərgisi ilə tanış olublar.

Tədbirdə nümayiş olunanlar iştirakçılar tərəfindən böyük kədər hissi ilə qarşılanmış, Ermənistan qoşunları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayəti qətiyyətlə pislənmişdir.

Mərasim zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dərc olunmuşməlumat kitabçaları, broşürlər və posterlərtədbir iştirakçıları arasında yayılıb.

   

   

növbəti xəbər əvvəlki xəbər