2019-03-31
Madrid şəhərində “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilmişdir

Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi və İspaniyada yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbirdə İspaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız istirak etmişlər.

Tədbirin əvvəlində 1918-ci il soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan icmasının nümayəndəsi Cəlal Erken tədbirdə çıxış edərək qeyd etmişdir ki, əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilmişdir. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları olmuşdur. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmiş, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılmışdır.

Erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayətlərin araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən Fövqəladə İstintaq Komitəsinin yaradıldığını bildirən C.Erken, Xalq Cümhuriyyətinin süqut etməsindən sonra təhqiqat işlərinin, cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi prosesinin dayandırıldığını qeyd etmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixində “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanmış və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Qeyd olunmuşdur ki, dövlət başçısı İlham Əliyevin diqqəti sayəsində 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılmış, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxmış, Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunmuşdur. Məhz Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması prosesinə başlanılmış, Heydər Əliyev Fondunun dəstəyi ilə təsis edilmiş Memorial Kompleksin 2013-cü ildə rəsmi açılış mərasimi olmuşdur.

C.Erkin qeyd etmişdir ki, ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən xüsusi amansızlıqla törədilmiş cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasında əvəzsiz rol oynamış, soydaşlarımızın Azərbaycançılıq ideyası, milli məfkurə ətrafında daha da sıx birləşməsinə yeni təkan vermişdir.

Daha sonra 1918-ci il azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film və fotosərgi nümayiş etdirilmişdir. Sənədli film və fotosərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, İspaniya ictimaiyyətinin üzvlərinə XX əsrin ən dəhşətli faciələrindən biri olan 1918-ci il azərbaycanlıların soyqırımı barədə ətraflı məlumat verilmişdir.

 

   

növbəti xəbər əvvəlki xəbər