2019-04-24
Azərbaycan Dillər Universitetində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ispan dili bölməsinin təqdimatı keçirilib

ADU-nun İspan Dili Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) ispan dili bölməsinin təqdimatı təşkil olunmuşdur.

Tədbir zamanı AZƏRTAC haqqında məlumat verilmiş, AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Agentlik rəsmi məlumatlarla yanaşı, fasiləsiz olaraq 8 dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər mövzularda dəqiq və operativ informasiya yayır.

AZƏRTAC ispandilli tərəfdaşları ilə informasiya mübadiləsini daha da gücləndirmək, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrdə uğurları, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli auditoriyaya çatdırılması məqsədilə ispan dilində xəbər yayımına cari ilin yanvarından başlayıb. Agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparır, ispandilli ölkələrin xəbər agentlikləri – İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın IP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq edir.

İştirakçılara AZƏRTAC-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə ADU-nun müəllim və tələbə heyəti iştirak edib.

 

 

növbəti xəbər əvvəlki xəbər