2019-05-09
“9 may-Qələbə günü” münasibətilə Madrid şəhərində yerləşən Fuenkarral (Fuencarral) Xiyabanında tədbir keçirilib

9 may tarixində Rusiya Federasiyasının İspaniyadakı Səfirliyinin təşəbbüsü ilə “Qələbə günü” münasibətilə Madrid şəhərində yerləşən Fuenkarral (Fuencarral) Xiyabanında tədbir keçirilmişdir.

Tədbirdə ölkəmizin İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Rusiya səfiri 9 may tarixinin keçmiş sovet xalqının tarixi qələbəsi olduğunu bildirərək, bu qələbənin  əldə olunmasında göstərilmiş şücəatkarlıqdan bəhs etmişdir.

Tədbir zamanı çıxış edən səfir A.Məhərrəmov Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə əhəmiyyətli töhfələr verdiyini, 700 min Azərbaycanlının cəbhəyə yola salındığını, onlardan 300 mindən çoxunun döyüşlərdə həlak olduğunu, müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini bildirmişdir.

Şanlı Qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz töhfəsinin olduğu xüsusi olaraq qeyd edilmişdir.

Daha sonra tədbir iştirakçıları tərəfindən İspaniya Vətəndaş Müharibəsi zamanı həyatını itirmiş Sovet hərbçilərinin xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoyulmuşdur.

Tədbirin davamı olaraq Mühacirətdə olan İspanlar Assosiasiyasının təşkilatçılığı ilə II Dünya Müharibəsi zamanı həyatını itirmiş ispanların xatirəsinin yad edilməsi məqsədilə anım mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən İspaniya Krallığının ədliyyə naziri Dolores Delqado (Dolores Delgado) İspan xalqının faşizm və nasizm üzərində qələbəyə mühüm töhfə verdiyini, vahid, demokratik Avropanın bərqərar olunmasının asan başa gəlmədiyini qeyd etmişdir. D. Delqado 60 min nəfərdən ibarət beynəlxalq korpusun İspaniyaya gələrək nasizm ideologiyasının tərəfdarlarına və dövlət çevrilişinə cəhd edənlərə qarşı mübarizə apardığını və bunun təqdirəlayiq hal olduğunu bildirmişdir.

Sonda tədbir iştirakçıları Avropanın nasizm və faşizmdən azad edilməsi uğrunda həyatlarını itirmiş ispanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar.

 

 

 

növbəti xəbər əvvəlki xəbər