2019-05-28
Azərbaycanlı tələbələr tərəfindən İspaniyada İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir təşkil edilib

İspaniyanın Alkala de Enares Universitetində ölkəmizin mədəniyyətinin təbliğ olunması, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar adıçəkilən universitetdə “Erasmus” proqramı üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi ilə cari ilin 28 may tarixində tədbir təşkil olunub.

Tədbirə Alkala de Enares Universitetin müəllim heyəti, habelə bu universitetdə təhsil alan xarici tələbələr qatılıblar.

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmiz  barədə məlumat verərək, qədim tarixə malik olan Azərbaycanın hazırda regionun ən sürətlə inkişaf edən ölkəsi olduğunu, ölkəmizin mədəniyyətlərarası dialoqa, tolerantlığa əhəmiyyətli töhfə verdiyini qeyd ediblər.

Soydaşlarımız dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandıraraq, diqqətə çatdırıblar ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 yanvar tarixli Sərəncamına əsasən Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan  edilmişdir.

Azərbaycanda ədəbi fikrin əsas simalarından biri hesab olunan ədibin ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malik olduğu qeyd edilib, dahi şairin humanist ideyaları və mənəvi dəyərləri barədə geniş məlumat verilib.

Tədbir zamanı yaradılmış guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib, habelə dahi şairin 650 illik yubileyinə həsr olunmuş, Səfirlik tərəfindən çap etdirilmiş buklet və İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının təqdimatı keçirilib. Tədbir iştirakçılarına milli şirniyyatlarımız və Azərbaycan çayı təqdim olunub.

Daha sonra həmyerlilərimiz Alkala de Enares Universitetində təhsil alan xarici tələbələrlə birlikdə Azərbaycan musiqisinin sədaları altında milli rəqslərimizi ifa ediblər.

 

növbəti xəbər əvvəlki xəbər