2018-12-26
Madrid şəhərində dördüncü “Milad Bayramı – Beynəlxalq mədəniyyətlər sərgisi”nin təntənəli açılış mərasimi keçirilib

Madrid şəhərində dördüncü “Milad Bayramı – Beynəlxalq mədəniyyətlər sərgisi”nin təntənəli açılış mərasimi keçirilib. Milli oyunlara həsr edilmiş bu ilki tədbirdə 56 ölkə və beynəlxalq təşkilat iştirak edib

Madrid şəhərinin meri Manuela Karmena tədbirin açılış mərasimində çıxış edib. O, dördüncü “Milad Bayramı – Beynəlxalq mədəniyyətlər sərgisi”nin Madrid şəhərinin sakinləri, habelə şəhərin qonaqları, xüsusilə Milad bayramını səbirsizliklə gözləyən uşaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılandığını bildirib. Qeyd edilib ki, sözügedən mədəniyyətlər sərgisində dünyanın 70-dən çox guşəsindən milli adət-ənənələri özündə əks etdirən məhsulların, müxtəlif nemətlərin nümayişi və yarmarkası həyata keçirilir.

300-dən çox fəaliyyət proqramının təşkil edildiyi mötəbər tədbirdə ölkəmiz bu il növbəti dəfə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə təmsil olunub.

Azərbaycan milli pavilyonunda ölkəmizlə bağlı müxtəlif təbliğat materialları, rəsm nümunələri və incəsənət əsərləri ilə yanaşı, müxtəlif şirniyyat növləri (paxlava, şəkərbura), habelə ölkəmizin qədim stolüstü oyun növü olan nərd nümayiş etdirilib. Milli pavilyonumuz sərgi ziyarətçilərinin böyük marağına səbəb olub.

Xanım Manuela Karmena Azərbaycan milli pavilyonunu ziyarət edərək, ölkəmizin pavilyonunun keçən il olduğu kimi yenə də  özünəməxsusluğu ilə seçildiyini qeyd edib. Şirniyyatlarımızın ləziz dada malik olduğunu bildirən xanım mer, ipək kəlağayı, Azərbaycan xalçası, tariximizi özündə əks etdirən rəsmlərin tədbirə xüsusi rəng qatdığını bildirib. Xanım Karmena milli pavilyonumuzdan xoş təəssüratlarla ayrılaraq uğurlu təşkilatçılığa görə təşəkkürünü bildirib.

22 dekabr tarixində “Milad Bayramı – Beynəlxalq mədəniyyətlər sərgisi”nin əsas səhnəsində həmyerlimiz tərəfindən “Sarı gəlin” rəqsi və “Koroğlu” operasından bir parça ifa edilmişdir. Rəqslər sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Daha sonra Azərbaycan üçün ayrılmış xüsusi guşədə ölkəmizin milli mətbəxinin təamları (dolma, qutab), şirniyyatlar (şəkərbura, paxlava), meyvələr (nar, feyxoa) təqdim edilmiş, habelə ölkəmizin istehsalı olan şərab növlərinin dequstasiyası keçirilmişdir. Milli mətbəximiz və şərablarımız sərgi iştirakçıları tərəfindən bəyənilərək, onların özünəməxsus və əvəzolunmaz dada malik olduğu xüsusi olaraq qeyd olunmuşdur.

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər