2019-10-02
Mehriban Əliyeva - ali dəyərlərə, humanizm prinsiplərinə əsaslanan şəxsiyyət

 

Azərbaycanda humanizm və tolerantlığın simvoluna çevrilmiş, Azərbaycan Respublikasının I Vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə vermiş, məhz onun təşəbbüsü ilə keçirilən çoxsaylı layihələr milli dəyərlərin qorunması və bu dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir.

Mehriban Əliyevanın ali bəşəri dəyərlərə əsaslanan, Azərbaycanın milli maraqlarını rəhbər tutan fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun 2004-cü ildə əsasını qoyduğu, hazırda da Mehriban Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondunun Azərbaycanın inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxsahəli fəaliyyətə nəzər yetirmək kifayətdir. Heydər Əliyev Fondu yaradılarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, ulu öndərin ölkənin sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycan mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına əsas məqsəd qoymuşdur.

Bu gün Mehriban Əliyevanın rəhbərliyi ilə Fond ulu öndərin ideyalarını böyük əzm və sədaqətlə həyata keçirir. Məhz bu məqsədlə, Heydər Əliyev Fondunun fəaliyyətində müxtəlif kateqoriyadan olan insanların problemlərinin həllinə, ölkənin yaradıcı və elmi potensialının artırılmasına, müasir tələblərə cavab verən təhsil ocaqlarının, xüsusilə yeni müasir ibtidai tədris müəssisələrinin tikilməsinə, habelə ətraf mühitin, fauna və floranın qorunması və qeyd olunan sahələrdə mühüm tədqiqatların həyata keçirilməsinə dəstək göstərilməsi prioritet təşkil edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Təsadüfi deyil ki, Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətini Ermənistanın əsrlər boyu Azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti haqqında daim məlumatlandırır. YUNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminə məruz qalmış, dağıdılmış tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin 20 %-nin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban Əliyevanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilmişdir.

Bununla yanaşı, Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, ermənilərin Xocalıda törətdikləri soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətləri barədə məlumatlandırma kampaniyası aparılır. Bu mənada, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi olaraq qeyd edilməlidir. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf yeddi rayondan tam, qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasını özündə ehtiva edir. Təsadüfi deyil ki, məhz bu kampaniyanın başlanmasından sonra bir sıra ölkələrin parlamentlərində Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edilmiş, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri ucaldılmışdır.

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində onun Azərbaycan mədəniyyətinin inkişafı üçün göstərdiyi xidmətləri müstəsna rol oynayır. Ölkənin birinci xanımı Respublikanın müstəqilliyinin ilk dövrlərindən etibarən Azərbaycan mədəniyyətinin qorunması və inkişafı istiqamətində hərtərəfli fəaliyyət göstərmişdir. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaradılmış, 1996-cı ildə Azərbaycan mədəniyyətinin ölkədən kənarda geniş şəkildə təbliğ olunması məqsədilə 16 dildə çap olunan və dünyanın onlarla ölkəsində yayımlanan “Azərbaycan - İrs” jurnalı təsis olunmuşdur.

Azərbaycan mədəniyyətinin dünyada təbliğində, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə əlaqələri xüsusi yer tutur. Azərbaycan-YUNESKO əlaqələri yüksələn xətt üzrə inkişaf etməsində Fondun Prezidenti Mehriban Əliyevanın səyləri danılmazdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın birinci xanımı ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür. Xüsusi olaraq vurğulamaq lazımdır ki, məhz dövlət başçısı İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, kamança, Azərbaycan xalçası, qadın baş örtüyü kəlağayı, Azərbaycan milli mətbəxinin nümunələrindən olan lavaş və dolma, habelə qədim Azərbaycan şəhəri Şəki YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, Qarabağ atı ilə oynanılan çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə təşkilatın Təcili qorunma ehtiyacı olan qeyri-maddi irs siyahısında yer almışdır.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir. Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Heydər Əliyev Fondu humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verməklə, mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına xidmət edir. 2009-cu ildə “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Fond tərəfindən Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan pəncərələri bərpa edilmişdir. 2007-ci ildə Fond Paris şəhərində yerləşən Versal Sarayının parkında yerləşən iki arxitektura abidəsinin, habelə Fransanın Normandiya bölgəsində yerləşən, X-XI əsrlərə aid yeddi kilsənin bərpa işlərini həyata keçirmişdir. Fond 2015-ci ildə Roma şəhərində yerləşən, Xristianlığın ən dəyərli abidələrindən hesab olunan Müqəddəs Marçellinio və Pietro katakombalarının (100-200-cü illərə aid) bərpasını başa çatdırmışdır. Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına verdiyi mühüm töhfə kimi 2016-cı ildə Bolqarıstanda yerləşən üç pravoslav kilsəsinin bərpa edilməsini qeyd etmək lazımdır.

Tolerantlıq və dialoq sahəsində görülmüş işlərin nəticəsi olaraq, Roma Papası Fransisko 2016-cı ildə Azərbaycana səfər etmiş, Müqəddəs Məryəm katolik kilsəsində dua mərasimi zamanı Azərbaycanı “sivilizasiyalar arasında körpü” adlandırmışdır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr bir daha onu göstərir ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında əməkdaşlığın gücləndirilməsinə və səmərəli dialoqun aparılmasına xidmət edən “Bakı Prosesi”nin təşəbbüskarı olan Azərbaycan dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verərək, mədəni müxtəliflik dəyərlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın, multikulturalizmin və sivilizasiyalararası dialoqun təşviq edilməsində mühüm rol oynayır.

Mehriban Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti geniş miqyasda fəal və dünyəvi Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayır. Onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də digər ölkələrdə yaşayan qadınlar üçün əsl örnək kimi çıxış etməklə yanaşı, bu gün Azərbaycan Respublikasında siyasətin prioritet istiqamətlərindən biri olan qadınların cəmiyyətdə rolunun, habelə dövlət və ictimai sektorda fəallığının artırılmasının təşviq olunmasına xidmət edir.

 

 

növbəti xəbər əvvəlki xəbər