2019-12-26
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniyada geniş kütləyə yayımlanan, tanınmış “Radio Inter”ə müsahibəsində ölkəmiz haqqında ətraflı məlumat verib

İspaniyada tanınmış və geniş auditoriyaya malik olan “Radio Inter” radio kanalının “Dünya Xəbərləri” verilişi canlı yayımda Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.

Müsahibə zamanı “Dünya Xəbərləri” verilişinin aparıcısı, “Grupo Internacional de Medios” informasiya vasitələri şirkətinin prezidenti Karlos Penyalosa ölkəmizin yerləşdiyi region, əhalisinin sayı, iqtisadi göstəriciləri, Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri, Azərbaycan-İspaniya diplomatik münasibətlərinin yaranma tarixi, ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir Anar Məhərrəmov Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, şərq-qərb və şimal-cənub yollarının kəsişməsində yerləşdiyini, eləcə də irimiqyaslı enerji, nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu diqqətə çatdırıb.

2019-cu ilin aprel ayında Azərbaycan əhalisinin sayının 10 milyona çatdığını bildirən səfir A. Məhərrəmov, demoqrafik göstəricilərin sürətlə artmasının məhz dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin, Azərbaycanda iqtisadi inkişaf, sabitlik, səhiyyə və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin, aparılan islahatların nəticəsi olduğunu qeyd edib.

2018-ci il üzrə ölkəmizdə ümum daxili məhsulun, əhalinin hər nəfərinə düşən ÜDM-nin artdığını, ölkədə inflyasiya dərəcəsinin minimum həddə olduğu diqqətə çatdırılıb.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və xalqımıza qarşı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon işğal edilmiş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə ölkəmizin müstəqilliyinin qorunub-saxlanması, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi daxildir.

Azərbaycan və İspaniya  arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu bildirən səfir Anar Məhərrəmov, 2017-ci ildə iki ölkə arasında bu əlaqələrin 25 illiyinin qeyd edildiyini, 2005-ci ildə Madrid şəhərində Azərbaycan səfirliyinin açılması ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycan və İspaniyanın beynəlxalq gündəlikdə duran bir çox məsələdə, o cümlədən beynəlxalq terrorizm, ekstremizm və separatçılıqla mübarizədə eyni mövqedən çıxış etdiyini məmnunluqla bildirən səfir Anar Məhərrəmov, İspaniya Krallığı Hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam dəstəyini ifadə etdiyini, eyni zamanda ölkəmizin İspaniyanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bildirib.

Azərbaycanla İspaniya arasında siyasi müstəvidə əlaqələrin yüksək səviyyədə olduğunu bildirən səfir Anar Məhərrəmov, cari ilin 13 iyun tarixində Bakı şəhərində Azərbaycan və İspaniyanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin bunun təcəssümü olduğunu qeyd edib, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. İspaniyanın “Enegas” şirkətinin TAP layihəsinin səhmdarlarından (16%) biri olduğunu, habelə 2017-ci il dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu (NEZ) və İspaniyanın “Tecnicas Reunidas” (TR) şirkəti arasında zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (layihələndirmə, satınalma və tikinti) müqaviləsinin, habelə 2019-cu ilin may ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti  və İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" şirkəti arasında Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı müqavilənin imzalandığını qeyd edən səfir Anar Məhərrəmov, bu baxımından iqtisadi əlaqələrin müsbət tendensiya üzrə qurulduğunu bildirib.

Səfir Anar Məhərrəmov iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin rəmzi kimi, Azərbaycan Respublikasının diplomatik xidməti orqanlarının 100 illik yubileyi (1919-2019) münasibətilə, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə İspaniya Krallığının Diplomatik Məktəbinin həyətində ağacəkmə mərasiminin baş tutduğunu məmnuniyyətlə qeyd edib.

Müsahibə zamanı səfir Anar Məhərrəmov, milli mətbəximizin nümunələri, o cümlədən plov, dolma və lavaş barədə məlumat verib.

Müsahibənin sonunda səfir Anar Məhərrəmov, radionun efiri vasitəsilə Milad və Yeni il bayramları ilə bağlı təbriklərini çatdırıb.

Qeyd edək ki, “Radio Inter” radio kanalının “Dünya Xəbərləri” verilişi gündəlik həyatda aktual olan beynəlxalq münasibətlər, siyasi və iqtisadi mövzulara həsr olunur. Həftənin bazar ertəsi günləri yayımlanan veriliş İspaniyada geniş dinləyici auditoriyasına malikdir.

 

 

növbəti xəbər əvvəlki xəbər