2019-11-21
Azərbaycanın İspaniyadakı Səfirliyinin və İspaniya İslam Birliyinin birgə təşkilatçılığı ilə Ərəb Mədəniyyət Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Ölkə Prezidentinin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq ədibin həyat və yaradıcılığına həsr olunmuş növbəti tədbir 20 noyabr tarixində Madrid şəhərində yerləşən Ərəb Mədəniyyət Mərkəzində baş tutmuşdur.

Azərbaycanın İspaniyadakı Səfirliyinin və İspaniya İslam Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin həyat və yaradıcılığından söhbət açıb, onun yalnız Azərbaycan ədəbiyyatında deyil, o cümlədən türk və islam dünyası ədəbiyyatı tarixində özünəməxsus yerə malik olduğunu bildirib.

Səfir A. Məhərrəmov xüsusi olaraq diqqətə çatdırıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf etmişdir. 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuş, həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.

Nəsimi yaradıcılığında mədəni müxtəliflik, humanist ideyaların geniş şəkildə təşviq olunduğunu qeyd edən səfir A. Məhərrəmov, bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ingilis və fransız dillərində çap etdirilmiş, şairin ədəbi yaradıcılığının nümunələrini özündə ehtiva edən “Imadeddin Nasimi Poetry”, “Imadeddin Nassimi Poesié” kitablarının böyük mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi baxımından əhəmiyyətindən söz açıb. A. Məhərrəmov adıçəkilən kitabların nüsxələrini, milli xalçaçılığımızın və milli irsimizin – kəlağayının nümunələrini tədbirdən xatirə kimi Ərəb Mədəniyyət Mərkəzinin Baş direktoru Pedro Martines Aviala və İspaniya İslam Birliyinin Prezidenti İsabel Romero Ariasa təqdim edib.

İspaniya İslam Birliyinin Prezidenti İsabel Romero Arias İ.Nəsiminin yaradıcılığındakı ideyalardan söz açıb, ədibin irsinin ətraflı şəkildə öyrənilməsinin vacibliyini qeyd edərək, onun İspaniya ictimaiyyəti və ispan oxucusuna daha yaxından çatdırılması məqsədilə Səfirliyin təşəbbüsü ilə keçirilən bu tədbirin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Ərəb Mədəniyyət Mərkəzinin Baş direktoru Pedro Martines Avial dahi şairin əsərlərinin Şərq ədəbiyyatına, ümumilikdə dünya mədəniyyətinə töhfəsindən bəhs edib.

Tədbirin davamı olaraq çıxış edən Mursiya Universitetinin İslamşünaslıq üzrə professoru, elmlər doktoru Pilar Qarrido Klemente bildirib ki, hürufilik təliminin başlıca nümayəndəsi hesab olunan mütəfəkkir İ.Nəsiminin yaradıcılığında əks olunmuş ideyalar özündə islam dininin əsas prinsiplərini, dəyərlərini əks etdirir.

İspaniyalı alim, Madrid Muxtar Universitetinin İqtisadiyyat və beynəlxalq əlaqələr məktəbinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Xesus Xil Fuensanta Nəsimi yaradıcılığının incəliklərinə diqqəti çəkərək, onun dünyəvi əhəmiyyətə malik olduğunu qeyd edib, İmadəddin Nəsimini dahi ispan yazıçısı Migel de Servanteslə müqayisə edib.

Tədbirdə çıxış edən İspaniya İslam Birliyinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri, Xaen Universitetinin professoru Antonio de Diyeqo, “Asociación Nexos – Alianza de Civilizaciones” təşkilatının prezidenti, “Silk Spain Institute”-un vitse-prezidenti Enrike Qaspar filosof-şairin yaradıcılığına nəzər salaraq, onun tolerantlığın, sülhün və humanizmin təşviqinə töhfəsindən bəhs ediblər.

Tədbir zamanı dahi şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar, o cümlədən Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyasından və “Nəsimi” filmindən parçalar nümayiş etdirilib.

Xüsusi olaraq yaradılmış guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib, habelə dahi şairin 650 illik yubileyinə həsr olunmuş, Səfirlik tərəfindən çap etdirilmiş bukletlərin, İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, Heydər Əliyev Fondu tərəfindən çap etdirilmiş, İ.Nəsiminin əsərlərini özündə ehtiva edən kitabların, habelə “İRS” jurnalının ədibin həyat və yaradıcılığını əhatəli şəkildə əks etdirən buraxılışlarının təqdimatı keçirilib.

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər