2019-12-23
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə İspaniya Krallığının Diplomatik Məktəbində ağacəkmə mərasimi təşkil edilib

 

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov ilə İspaniya Krallığının Diplomatik Məktəbinin direktoru, səfir Fernando Fernández-Arias Minuesa arasında görüş baş tutub.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində “ADA” Universitetinin yaradıldığını diqqətə çatdıran səfir A.Məhərrəmov, hazırda “ADA” Universitetinin nəzdində 4 institutun - İctimai və Beynəlxalq Münasibətlər İnstitutu, Biznes İnstitutu, İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu və Təhsil İnstitutunun fəaliyyət göstərdiyini bildirib.

Səfir A. Məhərrəmov “ADA” Universitetində tədris olunan proqramlar, təklif olunan təqaüd imkanları, habelə 45 müxtəlif ölkədən 1427 məzunun “ADA” Universitetinin yetirməsi olduğu barədə həmsöhbəti məlumatlandıraraq, hazırda Universitetdə 2324 tələbənin təhsil aldığını qeyd edib.

Səfir A. Məhərrəmov Azərbaycan Diplomatik Akademiyasında (hazırda “ADA” Universiteti) 2006-cı ildən etibarən Xarici İşlər Nazirliyinin əməkdaşları və dövlət qulluqçuları üçün Təkmilləşdirilmiş Xarici Xidmət Proqramının (Advanced Foreign Service Program) təşkil olunduğunu bildirib. Diplomatik kadrların hazırlanması və ixtisaslarının artırılmasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyası ilə İspaniya Krallığının Diplomatik Məktəbi arasında Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

İspaniya Krallığının Diplomatik Məktəbinin direktoru, səfir Fernando Fernández-Arias Minuesa təqdim edilən məlumatı maraqla qarşılayaraq,  ADA” Universitetinin son illərdə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu bildirib. F. Fernández-Arias Minuesa rəhbəri olduğu Diplomatik Məktəbin İspaniyanın diplomatiya sahəsində peşəkar kadrların hazırlanmasında əhəmiyyətli paya sahib olduğundan bəhs edib, bu məqsədlə Diplomatik Məktəb tərəfindən İspaniya, habelə xarici ölkələrin diplomatları üçün bir illik, ingilis və ispan dillərində tədris olunan magistr proqramının təşkil edildiyini, hazırda həmin proqram üzrə Latın Amerikası, Asiya və Afrika regionu ölkələrindən olan diplomatların təhsil aldığını qeyd edib.

Görüş zamanı diplomatik strukturlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu qeyd olunaraq, kadr hazırlığı, birgə tədqiqatların aparılması üzrə təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.

Daha sonra iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin rəmzi kimi, Azərbaycan Respublikasının diplomatik xidməti orqanlarının 100 illik yubileyi (1919-2019) münasibətilə, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə İspaniya Krallığının Diplomatik Məktəbində ağacəkmə mərasimi baş tutub.

İspaniya Krallığının Diplomatik Məktəbinin direktoru, səfir Fernando Fernández-Arias Minuesa Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə baş tutmuş ağacəkmə mərasiminin Diplomatik Akademiyanın tarixində ilk belə xoş və yaddaqalan hal olduğunu bildirərək, bu münasibətlə Azərbaycanlı həmkarlarına təbriklərini çatdırıb.

Mərasimdə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniya Krallığının Diplomatik Məktəbinin direktoru, səfir Fernando Fernández-Arias Minuesa, İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin nümayəndələri və Səfirlik əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə əkilən ağacın önündə müvafiq məlumat lövhəsi yerləşdirilib.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə İspaniya Krallığının Diplomatik Məktəbində baş tutmuş ağacəkmə mərasimi İspaniya mətbuatında, o cümlədən İspaniya Krallığının Diplomatik Məktəbinin sosial şəbəkələrdəki səhifələrində geniş şəkildə işıqlandırılıb.

 

  

 

 

əvvəlki xəbər