2020-01-21
Madrid şəhərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib

 

  

Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin dəstəyi və İspaniyada Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə İspaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra İspaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələrləndiriciləri çıxış ediblər.

Çıxışlar zamanı 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat verilib, hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyini, 744 nəfərin ağır xəsarət aldığı bildirilib.

Xüsusi olaraq vurğulanıb ki, dəhşətli qətliamdan dərhal sonra – 21 yanvar tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin ittiham edən bəyanat vermiş, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb etmişdir. Məhz ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin – günahsız Qanlı Yanvar qurbanlarının şücaəti daim yüksək qiymətləndirilir, onların ruhuna ehtiram göstərilir. 20 Yanvar faciəsi matəm günü olmaqla yanaşı, xalqımızın müstəqillik və ərazi bütövlüyü naminə apardığı mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Daha sonra 20 Yanvar hadisələrindən bəhs edən qısametrajlı film və  faciəyə həsr olunmuş fotosərgi nümayiş etdirilmişdir. Film və fotosərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər