2020-02-21
İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunda “Azərbaycanda 2019-cu ildə əldə olunan nailiyyətlər və 2020-ci il üzrə hədəflər” mövzusunda seminar təşkil olunub

Beynəlxalq münasibətlər və diplomatiya sahəsində İspaniyanın tanınmış araşdırmalar institutlarından biri sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunda “Azərbaycanda 2019-cu ildə əldə olunan nailiyyətlər və 2020-ci il üzrə hədəflər” mövzusunda seminar təşkil olunub.

Səfir Anar Məhərrəmov seminarda çıxış edərək ötən illərdə olduğu kimi, 2019-cu ildə də Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dayanıqlı inkişafa nail olunduğunu, ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin uğurla icra edildiyini, bütövlükdə 2019-cu ilin ölkədə dərin islahatlar ili olduğunu qeyd edib.

Ölkənin 2019-cu il üzrə makroiqtisadi göstəricilərindən bəhs edən səfir A.Məhərrəmov, 2020-ci ilin 21-24 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunun Azərbaycan Respublikası Hökumətinin strateji baxışını (“Government long-term vision”) 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını 11-ci yerə layiq görməsinin məhz ötən il əldə olunmuş nailiyyətlərlə sıx bağlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan regionda irimiqyaslı enerji layihələrinin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış etdiyini bildirən səfir A.Məhərrəmov, Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək TAP qaz kəmərinin 2020-ci ilin ilk yarısında tamamlanmasının nəzərdə tutulduğunu qeyd edib.

2019-cu il ərzində Azərbaycanın bir sıra mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdiyi, Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə Azərbaycan Respublikasının BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata sədrlik edəcəyi diqqətə çatdırılıb.

Ötən il ərzində Azərbaycan ilə İspaniya arasında dostluq, qarşılıqlı hörmət və dəstək əsasında qurulmuş münasibətlərin uğurla davam etdiyi bildirilərək, il ərzində bir sıra mühüm tədbirlərin təşkil olunduğu qeyd edilib.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin - Dağlıq Qarabağ və yeddi ətraf rayonun hələ də işğal altında saxlanılmasının regionda sülh və təhlükəsizliyə ən böyük təhdid kimi qalmaqda davam etdiyini bildirən səfir A. Məhərrəmov, münaqişənin tarixi, həqiqətləri, nəticələri, həlli ilə bağlı Ermənistanın apardığı qeyri-konstruktiv siyasət barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilərək doğma yurdlarından didərgin düşmüşdür. Məhz milli mənsubiyyətinə görə Azərbaycanlılara qarşı 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirilmiş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkin düşmüşdür.

 

Səfir A. Məhərrəmov 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin ölkənin demokratik inkişafı yolunda növbəti önəmli mərhələnin təzahürü olduğunu bildirib.

Qeyd edilib ki, seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutmuşdur.

Səfir A.Məhərrəmov nəzərə çatdırıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə ərazisində 523 seçki məntəqəsi yaradılmışdır.

Xüsusi olaraq vurğulanıb ki, seçki prosesi Azərbaycan tərəfinin dəvəti ilə ölkəyə gəlmiş 883  beynəlxalq və 78000-ə yaxın yerli müşahidəçi tərəfindən izlənilmiş, həm beynəlxalq, həm də yerli müşahidəçilərin mütləq əksəriyyəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçdiyini təsbit etmişlər.

2020-ci ildə Azərbaycanın müxtəlif formatlı beynəlxalq və ikitərəfli platformalarda çoxşaxəli əlaqələrinin genişləndirilməsi ilə dövlətin rifah və qüdrətinin möhkəmləndirilməsinə yönələn və milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun davam etdiriləcəyi vurğulanıb.

Çıxışdan sonra tədbirdə iştirak edən müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Ölkəmizə aid fotoşəkillərdən ibarət təqdimat və ölkəmizi təbliğ etdirən video çıxış zamanı nümayiş etdirilib. Keçirilən seminardan məmnun qalan Fondun rəhbərliyi və  tələbələr seminarın maraqlı keçərək onlarda xoş təəssürat yaratdığını bildiriblər. Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda etdiyi geniş məzmunlu çıxışa və təqdimata görə səfir A.Məhərrəmova minnətdarlığını bildirib.

Sonda Fondun idarə heyətinin rəhbər üzvləri və tələbələrlə xatirə şəkli çəkdirilib.

  

 

 

 

növbəti xəbər əvvəlki xəbər