“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Azərbaycan Respublikasında əldə edilmiş sənədlərin tərcüməsinin İspaniya Krallığında təqdim edilməsinə dair

Azərbaycan Respublikasında əldə edilmiş sənədlərin tərcüməsinin İspaniya Krallığının rəsmi qurumlarına təqdim edilməsi qaydası

Azərbaycan Respublikasında əldə edilmiş sənədlərin İspaniya Krallığının dövlət qurumlarına təqdim edilməsi üçün aşağıdakı mərhələləri tamamlaması tövsiyə olunur.

Vacib qeyd: Müşahidələrimiz göstərir ki, bəzən vətəndaşlar tərəfindən "andlı tərcüməçi" xidməti sorğu edilir və ya onlardan sənədlərin mütləq "andlı tərcüməçilər" tərəfindən həyata keçirilməsi tələb edilir. Qeyd edək ki, İspaniyada mövcud olan "andlı tərcümə" xidmətinin Azərbaycandakı ekvivalenti notarial tərcümədir. Sənədlərinizi aşağıdakı addımlara uyğun olaraq hazırladığınız təqdirdə, sənədləriniz İspaniyanın rəsmi qurumlarının tələblərinə cavab verəcək və "andlı tərcümə" xidmətinə ehtiyac qalmayacaqdır.

 

1. Apostil şəhadətnaməsi

İlk növbədə, Azərbaycan Respublikasında əldə etdiyiniz sənədə apostil şəhadətnaməsi alınmalıdır. Apostil şəhadətnaməsi olmadan həmin sənədin İspaniyada tanınması əksər hallarda mümkün olmur. Bunun üçün sənədinizi ASAN Xidmət Mərkəzlərinə təqdim edə bilərsiniz.

2. Sənədin notarial qaydada surətinin təsdiq edilməsi

Sənədinizə apostil şəhadətnaməsi aldıqdan sonra ali təhsil haqqında Diplom, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, habelə xüsusi kitabça formasında verilmiş digər sənədlərin notarial qaydada surətinin əldə edilməsi tövsiyə olunur (ASAN Xidmətə müraciət edə bilərsiniz).

Əgər bu tip sənədlərin surətini notarial qaydada təsdiq etmədən İspaniyaya gətirmisinizsə, həmin əməliyyat Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin Konsulluq bölməsində həyata keçiriləcəkdir. Bu halda sənədin sahibinin və ya notarial qaydada etibarnamə verilmiş digər şəxsin sənədi konsulluq bölməsinə şəxsən təqdim etməsi tələb olunur.

Sənədin surətinin təsdiqi ilə bağlı konsulluq rüsumu:

  • Hər bir sənəd üçün (səhifə sayından asılı olmayaraq) – 10 ABŞ dolları (USD).

3. Sənədin ispan dilinə tərcüməsi

Növbəti addım olaraq, sənədinizin notarial qaydada təsdiq edilmiş surətinin ispan dilinə notarial tərcümə edilməsi tövsiyə olunur. (sənədin surəti və tərcümə bir birinə tikilir və möhürlənir.

Qeyd edək ki, sənədin notarial tərcüməsi üçün Asan Xidmətə müraciət etdiyiniz halda, onun notarial sürəti də eyni zamanda hazır edilir. 

Əgər sənədi Azərbaycanda tərcümə etdirmədən İspaniyaya gətirmisinizsə, sənədinizi Azərbaycan–ispan dilləri üzrə ali təhsili olan istənilən tərcüməçiyə və ya tərcümə xidmətləri göstərən şirkətə təqdim edərək ispan dilinə tərcümə etdirə bilərsiniz. Məlumat üçün bildiririk ki, konsulluqda tərcümə xidməti göstərilmir.

4. Tərcümənin İspaniyadakı Azərbaycan Səfirliyinin konsulu tərəfindən təsdiqi

Bundan sonrakı addımda, tərcümə edilmiş sənəd Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin Konsulluq bölməsinə təqdim edilir. Siz, sənədinizi şəxsən və ya poçt vasitəsilə də təqdim edə bilərsiniz.

Konsul sənədləri nəzərdən keçirdikdən sonra qanunvericiliyə uyğun olaraq aşağıdakı notarial hərəkətlərdən birini həyata keçirir:

  • tərcümənin düzgünlüyünün təsdiqi;
  • tərcüməçinin imzasını təsdiqi.

Konsulluq rüsumları:

  • Tərcümənin düzgünlüyünün təsdiqi (Azərbaycan dilindən ispan dilinə tərcümə üzrə) – hər səhifə üçün 20 ABŞ dolları (USD)
  • Tərcüməçinin imzasının təsdiqi – səhifə sayından asılı olmayaraq hər bir sənəd üçün 20 ABŞ dolları (USD).

     

5. İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyində yekun sənədin leqallaşdırılması

Səfirlikdə tərcümə ilə bağlı proses tamamlandıqdan sonra yekun sənəd İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Leqallaşdırma Departamentinə (Calle del Gral. Pardiñas, 55, Salamanca, 28006 Madrid) təqdim edilməlidir.

Həmin qurum tərəfindən sənəd təsdiq edildikdən sonra leqallaşdırma prosesi tamamlanmış hesab olunur. Bundan sonra siz sənədinizi İspaniyanın digər qurumlarına təqdim edə bilərsiniz.

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti