Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İspaniya Krallığında rəsmi səfərdə olub.
Cari ilin 24-26 may tarixlərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İspaniya Krallığında rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 25-də bu ölkənin müdafiə qurumları ilə tanış olub.
Səfər çərçivəsində cənab nazir bu ölkənin Müdafiə Nazirliyi tərkibində fəaliyyət göstərən Hərbi Fövqəladə hallar Birləşməsini (Unidad Militar de Emergencias – UME) ziyarət edərək orada UME-nin fəaliyyətini əks etdirən təqdimatı izləmiş və Birgə Əməliyyatlar Mərkəzinin (Centro de operaciónes conjunto) işi ilə yaxından tanış olub.
Daha sonra müdafiə naziri Madriddə fəaliyyət göstərən İspaniyanın iri şirkətlərindən biri olan hərbi və təhlükəsizlik sahəsində müxtəlif texnoloji avadanlıqlar təklif edən “İndra sistemləri” şirkətində də olub. Şirkətin prezidenti Fernando Abril Martorel və idarə heyətinin üzvləri “İndra sistemləri”nin nəqliyyat, daşımalar, energetika, istehsal, dövlət qurumları, nəqliyyat, maliyyə, təhlükəsizlik və müdafiə, kütləvi informasiya vasitələri və digər sahələr üzrə təklif etdiyi texnoloji avadanlıqlar barədə məlumat veriblər.
Daha sonra nazir Z.Həsənov İspaniya Krallığının müdafiə naziri Pedro Morenes Eulate ilə görüşüb. İspaniyanın Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda general-polkovnik Z. Həsənovun şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın və İspaniyanın dövlət himnləri səsləndirilib. Sonra nazirlərin təkbətək görüşü keçirilib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
İspaniya Krallığına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici məsələlər üzrə Dövlət katibi İqnasio İbanez Rubio ilə də görüşüb. Cənab İbanez İspaniyanın Azərbaycanla ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələrə önəm verdiyini və gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında ölkəsinin hər zaman öz töhfəsini verməyə hazır olduğunu qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan cənab İbanez, müxtəlif səviyyələrdə ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və bu məsələdə hər zaman İspaniya hökuməti tərəfindən prinsipal mövqe nümayiş etdiriləcəyini xüsusilə vurğulayıb.
Buna cavab olaraq nazir Z.Həsənov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, onların nəticələri, eləcə də münaqişənin həlli istiqamətində aparılan son danışıqlar barədə qarşı tərəfə məlumat verib. Nazir bildirib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır. Dövlət katibi isə öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.
Görüşdə hər iki ölkənin BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqları bildirilib. Bundan əlavə, beynəlxalq terrorizmə və separatizmə qarşı mübarizə sahəsində Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın inkişaf etdirilməsinin və bu məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.
26 may tarixində nazir Z.Həsənov 28 May- Respublika günü münasibətilə Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.
Səfərin davamı olaraq, 28 may tarixində İspaniyanın müdafiə naziri P.Morenesin dəvəti əsasında, İspaniya Silahlı Qüvvələr günü münasibətilə Madriddə təşkil edilən təntənəli paradda iştirak edən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, İspaniya Kralı VI Felipe ilə görüşüb. Görüş zamanı nazir Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin səmimi salamlarını Krala çatdırıb. Silahlı Qüvvələr Günü münasibətilə Krala təbriklərini çatdıran Müdafiə naziri İspaniyaya səfərindən məmnunluğunu ifadə edib, səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Azərbaycan xalqını 28 May-Respublika Günü münasibətilə təbrik edən və ona əmin-amanlıq arzulayan Kral VI Felipe öz növbəsində onun da salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.