Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Bu gün Azərbaycanda Diplomatiya Günü kimi qeyd olunur. Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır.
Azərbaycan Demokratik Respublikasının (ADR) xarici işlər naziri 1918-ci ildə təyin olunub, amma təsis edilmə barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb.
Diplomatiya günü müəyyən olunarkən bir neçə təklif nəzərdən keçirilib. Bu təkliflər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və digərləri olub.
Lakin nəticədə 9 iyul tarixinin üzərində dayanılıb. Qərara alınıb ki, arxivlərdən AXC Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli XİN-in katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix Diplomatiya gününün əsasını təşkil etsin.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. AXC dövründə XİN sistemində 239 nəfər işləyib.
1920-ci ilin aprelinədək Azərbaycanın aşağıdakı ölkələrdə nümayəndəlikləri var idi: Gürcüstan (diplomatik nümayəndə Fərhad bəy Vəkilov, Batumda konsul Mahmud bəy Əfəndiyev); Ermənistan (diplomatik nümayəndə Əbdürrəhman bəy Haqverdiyev); İran (diplomatik nümayəndə Adilxan Ziyadxan); İstanbul (diplomatik nümayəndə Yusif bəy Vəzirov); Ukrayna (konsul Camal Sadıxov), Krım (konsul agenti Şeyxəli Hüseynov).
Bundan başqa Azərbaycanın Kubanda və Donda diplomatik nümayəndəliyi, Petrovskda isə konsul agenti, İrkutskda Azərbaycan konsulluğu fəaliyyət göstərirdi.
Qeyd edək ki, Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. Daha sonra Əlimərdan Topçubaşov, Fətəli Xan Xoyski, Məmməd Cəfərov XİN-ə rəhbərlik edib.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Xarici İşlər Nazirliyi bağlandı və əvəzində Azərbaycan Sovet Sosialist Respublikası Xalq Xarici İşlər Komissarlığı yaradıldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra dünya dövlətləri, BMT tərəfindən tanındı.
Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı təsis olunub.
Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik korpus, Azərbaycanda isə 50-dən artıq ölkənin diplomatik korpusu fəaliyyət göstərir.
Azərbaycanın xarici siyasət idarəsinə 2004-cü ildən Elmar Məmmədyarov rəhbərlik edir.