Səfir Anar Məhərrəmov İspaniyanın “EFE” İnformasiya Agentliyinin redaktoru xanım Karmen Klara Rodrigez ilə görüşüb
Cari ilin 06 sentyabr tarixində Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri cənab Anar Məhərrəmov ilə İspaniyanın “EFE” İnformasiya Agentliyinin redaktoru xanım Karmen Klara Rodrigez (Carmen Clara Rodríguez) arasında görüş keçirilmişdir.
İlk öncə səmimi qəbula görə təşəkkürünü bildirən və “EFE” İnformasiya Agentliyinin Prezidentinin salamlarını səfir A.Məhərrəmova çatdıran xanım K.Rodrigez cari ilin 29-30 sentyabr tarixlərində V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəyindən məmnun olduğunu ifadə etmiş və Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) baş direktoru cənab Aslan Aslanovla görüşmək niyyətində olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı informasiya mübadiləsini genişləndirmək üçün əməkdaşlıq əlaqələri müzakirə olunmuş, İspaniya və Azərbaycanın daxili və beynəlxalq həyatının aktual hadisələri haqqında müntəzəm informasiya mübadiləsinin həyata keçirilməsinin ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrə müsbət təsir edəcəyi bildirilmişdir.
Görüş zamanı həmçinin Agentliklər arasında təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.