İspaniyanın məşhur “La Razon” qəzetində “Azərbaycan Qafqazın dinamik inkişaf edən ölkəsidir” adlı məqalə dərc olunub
Oktyabrın 19-da İspaniyanın çoxtirajlı “La Razon” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilən “Azərbaycan Qafqazın dinamik inkişaf edən ölkəsidir” başlıqlı məqalə dərc olunub.
Jurnalist Eduardo Guayluponun yazısında Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdiyi gündən bəri keçdiyi dövr əhatə edilir.
Məqalədə deyilir: “Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə Prezident İlham Əliyev öz çıxışında Dağlıq Qarabağla bağlı Ermənistanla olan gərginliyi vurğulayaraq, Avropanın enerji təhlükəsizliyi məsələsini də qeyd edib.
Azərbaycan Respublikası öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edib. 1991-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti ölkənin müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bu sənədin qəbulu və onunla bağlı keçirilmiş referendum nəticəsində 71 il ərzində Sovet İttifaqının tərkibində olan Azərbaycan öz dövlət suverenliyini əldə edib.
İlk zamanlarda ölkə öz müstəqillik dövrünü xarici və daxili siyasətdə hökm sürən böhranla başlayıb. Etnik təcavüz və təmizləmə nəticəsində Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Azərbaycan tarixinin yeni mərhələsi məhz 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi andan etibarən başlayıb.
1994-cü ildə Ermənistanla atəşkəsin əldə olunması haqqında Saziş imzalanıb, həmin il ölkənin neft yataqlarının istismara verilməsi ilə neft sənayesinin inkişafında həlledici rol oynayan “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan tarixi İpək Yolunun bərpasında xüsusi səylər göstərib və məhz bu səbəbdən 1998-ci ildə Avropa ilə Asiya arasında qitələrarası körpü rolunu oynayan Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi üzrə çoxtərəfli Saziş (TRASECA) imzalanıb. Siyasi sabitlik, iqtisadi islahatlar, həmçinin multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq kimi dəyərlərin təşviqi - bütün bunlar ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Avropa enerji təhlükəsizliyinə töhfə verən layihələrin həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafı, islahatların həyata keçirilməsi və sərmayələrin təşviqinə yönələn münbit şəraitin yaradılması müsbət nəticələrin əldə edilməsinə imkan yaradıb.
Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasətinin davam etdirilməsi nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqaz regionunda iqtisadi inkişaf baxımından dinamik bir ölkəyə çevrilib”.
http://azertag.az/xeber/1003068