XİN: Ermənistanın növbəti təxribatının qarşısı alınıb
Mayın 5-15-də İspaniyada keçiriləcək “Costa Blanca Fashion Week”də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb. Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edirdi.
Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
“Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb.
Benidorm şəhər icra hakimiyyətindən səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb”, - deyə Hikmət Hacıyev qeyd edib.