2017-09-11

BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdədir

  

Məlum olduğu kimi, BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası cari ilin 11-17 sentyabr tarixində Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilir. Baş Assambleyanın 22-ci sessiyası ilə yanaşı, BMÜTT-nin Avropa, Asiya, Amerika, Afrika regional komissiyalarının toplantıları, İcraiyyə Şurasının 106 və 107-ci sessiyaları, bir sıra komitələrin görüşləri, Turizm Etikası üzrə Konvensiyanın işçi qrupunun iclası və bir sıra digər tədbirlər keçirilir.

Tədbirdə Azərbaycan Respublikasını nümayəndə heyətinin rəhbəri, BMÜTT-nin İcraiyyə Şurasının sədri nazir Əbülfəs Qarayev, ölkəmizin İspaniya Krallığındakı səfiri, BMÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm Etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

Cari ilin 11 sentyabr tarixində Azərbaycan nümayəndə heyəti BMÜTT Avropa Regional Komissiyasının iclasında iştirak etmişdir. Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasında üzvlük müddətinin başa çatmasını nəzərə alaraq ölkəmiz öz namizədliyini növbəti dövr üçün (2017-2021) yenidən təqdim etmişdir. Nazir Əbülfəs Qarayev komissiyanın iclasında son illərdə ölkəmizdə dövlət başçısının dəstəyi ilə turizm sahəsində aparılmış islahatlar, Azərbaycanın İcraiyyə Şurasının fəaliyyətinə töhfələri və bunun sayəsində 2017-ci ildə şuraya sədrlik etməsi barədə çıxış etdi.

Həmin gün BMÜTT-nin Turizm Etikası üzrə Konvensiyasının hazırlanması məqsədilə yaradılmış işçi qrupunun dördüncü – son iclası öz işinə başlamışdır. Tədbirdə BMÜTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, sözügedən işçi qrupuna, eləcə də BMÜTT-yə üzv ölkələrin 50-ə yaxın nümayəndəsi iştirak edir.

 

http://mct.gov.az/az/umumi-xeberler/bmt-nin-umumdunya-turizm-teskilatinin-bas-assambleyasinin-22-ci-sessiyasinda-cinde-sefer 

 

Arxiv üzrə axtarış