2018-03-14

Azərbaycan ilə Andorra arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın İspaniya Krallığında, eyni zamanda, Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov Andorra Knyazlığının Konstitusiyasının qəbulunun 25-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak etmək məqsədilə həmin ölkəyə səfər edib. Səfir Anar Məhərrəmov səfər çərçivəsində Andorranın xarici işlər naziri xanım Maria Ubach Font ilə görüşüb.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun salamlarını xanım nazirə çatdıran səfir Anar Məhərrəmov Maria Ubach Fontu bu yaxınlarda xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Maria Ubach Font Elmar Məmmədyarovun salamlarına görə təşəkkürünü bildirərək onun da salamlarının Azərbaycanın xarici işlər nazirinə çatdırılmasını xahiş edib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyəti qeyd olunub.

Daha sonra tərəflər arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələsi müzakirə olunub. Andorranın xarici işlər naziri Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğu baxımından yerli şirkətlərin ölkəmizlə əməkdaşlıqda, sərmayə yatırmaqda maraqlı olduğunu bildirib.

Anar Məhərrəmov son zamanlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, irimiqyaslı layihələr barədə ətraflı məlumat verib, Azərbaycanın regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb. Azərbaycanın qarşılıqlı maraqlar əsasında digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu bildirən səfir bu baxımdan Andorra ilə əlaqələrin daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Səfir Azərbaycanın “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı xanım nazirə dolğun məlumat verib və bu xüsusda Bakı şəhərinin namizədliyinin Andorra tərəfindən dəstəklənəcəyinə ümidvar olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətləri, ermənilərin cəbhə xətti boyunca mütəmadi törətdikləri təxribat əməlləri və ümumiyyətlə Ermənistanın münaqişənin həlli üzrə tutduğu qeyri-konstruktiv mövqeyi barədə də xanım nazirə ətraflı məlumat verilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Arxiv üzrə axtarış