Mayın 8-də Azərbaycan musiqisinin beşiyi, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 26 il ötür
Ermənilərin Şuşaya son həmləsi 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
Şuşanın işğalı nəticəsində 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.
İşğal nəticəsində Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidələri düşmən tərəfindən dağıdılıb. Bu siyahıya Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Eyni zamanda, Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi məhv edilib.
Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın işğalı nəticəsində Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin nəzarətinə keçib.