2018-05-09

Madriddə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov İkinci Dünya müharibəsi illərinin Azərbaycan, habelə ümumilikdə bəşəriyyət üçün ağır və dəhşətli dövr olduğunu qeyd edib. Azərbaycanın hazırda da Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində müharibə ilə üzləşdiyini vurğulayan səfir, 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan hərbi qüvvələri tərəfindən işğalı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir qeyd edib ki, hərbi təcavüz nəticəsində Şuşa şəhəri və rayonunun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər müxtəlif bədən xəsarətləri alıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

A.Məhərrəmov Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunun Ermənistan tərəfindən işğal edildiyini, işğal olunmuş ərazilərdə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb. Səfir diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, bununla belə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyd edildiyi kimi Azərbaycan xalqı və dövləti öz torpaqlarının işğalı ilə heç vaxt razılaşmayacaq və beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünün bərpası üçün bütün vasitələrdən istifadə edəcək.

Daha sonra “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi haqqında məlumat verən A.Məhərrəmov İkinci Dünya müharibəsi zamanı Azərbaycanın faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verdiyini qeyd edib, 700 min Azərbaycan övladının döyüşlərdə iştirak etdiyini, onlardan 350 min nəfərin həlak olduğunu bildirib. Səfir müharibə illərində göstərdikləri igidliklərə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitin müxtəlif orden və medallarla təltif edildiyini diqqətə çatdırıb.

Səfir İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynadığını, müharibə zamanı Sovet İttifaqının sərf etdiyi neftin 80 faizinin Azərbaycanın payına düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan nefti olmadan İkinci Dünya müharibəsində qələbə qazanmaq qeyri-mümkün idi və məhz buna görə Hitlerin əsas hədəflərindən biri Bakı şəhərini ələ keçirməsi olub.

Daha sonra çıxış edən İspaniya Konqresinin keçmiş deputatı, hazırda dövlət vəkili olan Xesus Lopes Medel İkinci Dünya müharibəsinin ağır və dəhşətli fəsadlara gətirib çıxardığını vurğulayıb, 26 il əvvəl Şuşa şəhərinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və yeddi ətraf rayonunun Ermənistan tərəfindən işğal edilməsi ilə indiki dövrdə də Azərbaycanın müharibənin acıları ilə üzləşdiyini təəssüflə qeyd edib. Deputat Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunacağına ümidvar olduğunu bildirib. X.L.Medel tarixi faktların izləyicinin diqqətinə təqdim olunması və Azərbaycanın İkinci Dünya müharibəsi dövründə oynadığı önəmli rolun yaddaşlarda qalması baxımından nümayiş etdiriləcək filmin mühüm əhəmiyyətə malik olduğunu deyib.

Sonda Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın təşəbbüsü əsasında və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib. Film tədbir iştirakçılarının, o cümlədən İspaniya kütləvi informasiya vasitələri nümayəndələrinin böyük marağına səbəb olub.

 

 

 

Arxiv üzrə axtarış