10 may tarixində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib
Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Anım mərasimində səfir Anar Məhərrəmov çıxış edərək anım mərasiminin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsinə təsadüf etdiyini bildirərək, Cümhuriyyət ənənələrinin bu gün də davam etdirilməsində Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.
Səfir Heydər Əliyevin Azərbaycan SSR hakimiyyəti dövründə iqtisadiyyat, sənaye, elm, mədəniyyət və digər sahələrdə mühüm irəliləyişlərin əldə edildiyini və bütün bunların məntiqi nəticəsi olaraq, Azərbaycanın Sovet İttifaqının öndə gedən ölkələrindən birinə çevrildiyini qeyd etmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, müasir dövrdə Azərbaycanın suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə Ümummilli Lider tərəfindən təməli qoyulmuş bünovrənin məntiqi nəticəsidir.
A.Məhərrəmov qeyd edib ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşmiş və məhz həmin dövrdə Ermənistanın azərbaycanlılara qarşı artıq XX əsrin 80-ci illərinin sonlarından başlamış etnik təmizləmə siyasəti Azərbaycan Respublikası ərazisinin 20%-nin işğalı və 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnmişdir. 1993-cü il iyun ayının 15-də Azərbaycan xalqının istəyi ilə Heydər Əliyev hakimiyyətə qayıtmış, onun uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunmuşdur. Məhz Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmişdir. Səfir, həmçinin, vurğulayıb ki, məhz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin davamı olaraq 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalanmış, bununla da Azərbaycanın etibarlı tərəfdaş ölkəyə çevrilməsi təsbit olunmuşdur. “Əsrin müqaviləsi”nin nəticəsi olaraq iri həcmdə xarici sərmayə Azərbaycan iqtisadiyyatına cəlb edilərək ölkənin inkişafında əvəzsiz rol oynamışdır.
Ölkədə yalnız iqtisadiyyat deyil, habelə digər sahələrdə də dirçəlişin baş verdiyini bildirən Səfir, 1998-ci ilin 8 sentyabr tarixində Bakı şəhərində Böyük İpək Yolunun bərpasını nəzərdə tutan “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in (TRASEKA), Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi iri miqyaslı layihələr üzrə müvafiq müqavilələrin imzalandığını qeyd edib.
A.Məhərrəmov Heydər Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq, ölkəmizin müxtəlif mötəbər beynəlxalq təşkilatların iştirakçısına çevrildiyini, 2001-ci ildə Avropa Şurasının tam hüquqlu üzvü olduğunu diqqətə çatdırıb.
Səfir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən görülmüş işlər Azərbaycan xalqı tərəfindən layiqincə qiymətləndirilərək, onun əvəzsiz xidmətləri heç bir zaman unudulmayacaqdır. Məhz bu səbəbdən 15 iyun tarixi “Azərbaycan xalqının milli Qurtuluş günü” kimi qeyd olunur və Heydər Əliyev hər bir azərbaycanlının qəlbinə Ümummilli Lider olaraq əbədi həkk olunmuşdur.
Bu gün də Heydər Əliyevin siyasətinin ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən Səfir, bildirib ki, 2018-ci il 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi onu göstərmişdir ki, Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs vermişdir.
Daha sonra Türkiyə Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müşavir-elçisi Selin Özaydın Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial sahələrdə əldə etdiyi nailiyyətlərin Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əldə edildiyini, məhz onun “Bir millət, iki dövlət” kəlamının hazırda da Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər möhkəm və davamlı olduğunu göstərdiyini qeyd edib. S.Özaydın Heydər Əliyevin siyasi xəttinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini və Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı.
İspaniya Konqresinin keçmiş deputatı, hazırda dövlət vəkili olan Xesus Lopes Medel çıxış edərək, İspaniya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdıraraq, Heydər Əliyevin Azərbaycan üçün əvəzolunmaz şəxs olduğunu qeyd edib, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb. X.L.Medel bu gün də ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto kompozisiya Vaqif Mustafazadənin “Düşüncə” melodiyasının sədaları altında nümayiş etdirilmişdir.