Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi tərəfindən 2018-ci il 22 may tarixində Madrid şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbul mərasimi keçirilmişdir
Mərasimdə İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişdir.
Təntənəli mərasimdə əvvəlcə İspaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyini, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd etmişdir. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində əldə edilmiş nailiyyətlərdən geniş bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirmişdir. Səfir eyni zamanda, gənc demokratik respublikanın bir sıra dövlətlərlə diplomatik əlaqələr qurması barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
A.Məhərrəmov Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığını, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etdiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, müstəqilliyin ilk illərində ölkə çətin vəziyyətlə üzləşmiş, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20%-i işğal olunmuş və 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. A. Məhərrəmov bu ağır dövrdə Azərbaycan xalqının istəyi ilə Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıtdığını və bununla da, ölkə tarixində yeni parlaq dövrün başlanğıcının qoyulduğunu vurğulamışdır.
Səfir xüsusi olaraq qeyd etmişdir ki, müasir Azərbaycanın əldə etdiyi tərəqqi bilavasitə həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi sabitlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin əldə edilməsi (1994), 1994-cü il 20 sentyabr tarixində “Əsrin Müqaviləsi”nin imzalanması, ölkənin mötəbər beynəlxalq təşkilatların tam hüquqlu üzvünə çevrilməsi, bütün sahələrdə əsaslı islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyevin siyasi kursu bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilmişdir. Səfir çıxışında Azərbaycan Respublikasının təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinə toxunaraq, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, turizmin təşviq edilməsi, habelə ölkəmizin Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1 Azərbaycan Qran Pri-si kimi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən ətraflı şəkildə bəhs etmişdir. Səfir TAP, TANAP layihələri, Baku-Tbilisi-Qars dəmiryolu xəttinin işə salınması, “ASAN” Xidmət vasitəsilə elektron şəkildə vizaların qısa müddət ərzində əldə edilməsi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırmışdır.
Qeyd olunmalıdır ki, sadalanan bütün nailiyyətlər ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. İspaniya-Azərbaycan əlaqələrinə toxunan Səfir, iki ölkə arasında dostluq münasibətlərinin uğurla davam etdirildiyini qeyd etmişdir. Vurğulanmışdır ki, İspaniya və Azərbaycan qarşılıqlı olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, bir çox məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür və İspaniya Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyir və münaqişənin beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. A. Məhərrəmov bildirmişdir ki, 2005-ci ildə Azərbaycanın İspaniyada Səfirliyinin açılması ilə ikitərəfli əlaqələrə təkan verilmiş, habelə 2017-ci ildə Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilmişdir.
Qeyd olunmuşdur ki, 2018-ci il 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qələbəsi onu göstərmişdir ki, Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs vermişdir.
Daha sonra çıxış edən İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr idarəsinin baş direktoru Kristina Serrano Leal müsəlman Şərqində ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququnun təmin edildiyini, müstəqil demokratik respublikada bir çox sahələrdə mütərəqqi islahatların həyata keçirildiyini qeyd etmişdir.
K.Serrano Leal İspaniya ilə Azərbaycan arasında bir sıra sahələrdə sazişlərin imzalanmasının, 2014-cü ildə İspaniyanın Azərbaycanda Diplomatik Nümayəndəliyinin açılmasının hər iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişafından xəbər verdiyini diqqətə çatdırmış, ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə, habelə yaxın gələcəkdə İspaniyanın Azərbaycanda Səfirliyinin açılmasına ümidvar olduğunu bildirmişdir.
K.Serrano Leal iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin bu gün yüksələn xətlə inkişaf etdiyini bildirərək, bunun dövlət başçılarının iradələri və iki ölkə xalqının istəyi nəticəsində əldə olunduğunu bildirmişdir.
K.Serrano Leal bir daha bu əlamətdar hadisə münasibətilə İspaniya tərəfinin səmimi təbriklərini çatdırmış və Azərbaycan dövləti və xalqına rifah, inkişaf və tərəqqi arzu etmişdir.
Daha sonra Azərbaycanın Xalq Artisti Zabit Nəbizadənin başçılıq etdiyi musiqi heyəti tərəfindən ifa edilmiş “Qarabağ şikəstəsi” və “Sarı gəlin” xalq mahnıları, həmçinin İspaniyanın Kraliça Sofiya Ali Musiqi Məktəbində təhsil alan həmyerlimiz Kamran Ömərli tərəfindən skripkada səsləndirilmiş Qara Qarayevin “İldırımlı yollarla” baletindən və Corc Bizenin “Karmen” operasından musiqi parçaları tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Sonda Səfirlik tərəfindən nəşr etdirilmiş İspaniyanın nüfuzlu “Diplomacia Siglo XXI” (Diplomatiya XXI əsr) jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı və bu məqsədlə çap etdirilmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə ithaf edilmiş xüsusi poçt markalarının nümayişi keçirilmişdir. Daha sonra tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ən gözəl təamlarından (dolma, plov çeşidləri, qutab) dadmış, ölkəmizin tarixini və milli adətlərini özündə əks etdirən guşəyə baş çəkmişdir. Tədbirin keçirildiyi məkanda qədim və müasir Azərbaycanı özündə əks etdirən foto-sərgi nümayiş etdirilmişdir.