2018-05-25

Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası Bakıda keçiriləcək

İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının 108-ci sessiyası işini davam etdirir. Sessiya zamanı gündəlikdə duran bir sıra vacib məsələlərlə yanaşı, İcraiyyə Şurasının 110-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri səfir Anar Məhərrəmov tədbirdə çıxış edərək göstərilən dəstəyə və etimada görə İcraiyyə Şurasının üzvlərinə təşəkkürünü bildirib, təşkilatın baş katibi Zurab Pololikaşvilini və Şuranın hazırkı sədri, Argentinanın turizm naziri Gustavo Santosu sessiyanın uğurla keçməsi münasibətilə təbrik edib.

A.Məhərrəmov ölkəmizlə DTT arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, Azərbaycan Respublikasının həm 2013-cü ildə, həm də 2018-2021-ci illər üzrə İcraiyyə Şurasında təmsil olunmaq hüququ qazandığını bildirərək, 2017-ci ildə İcraiyyə Şurasına uğurla sədrlik etdiyini bildirib.

A.Məhərrəmov son illər ölkəmizdə turizm sahəsində görülən işlər və əldə olunan uğurlar barədə ətraflı məlumat verib, Odlar Yurdu Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, İcraiyyə Şurasının 110-cu sessiyasının da ölkəmizdə müvəffəqiyyətlə keçiriləcəyinə əminliyini ifadə edib.

2018-ci ildə Şurada sədrliyin Azərbaycandan Argentinaya keçməsi ilə əlaqədar İcraiyyə Şurasının hazırkı sədri, Argentinanın turizm naziri Gustavo Santosa təbriklərini çatdıran səfir ona fəaliyyətində uğurlar arzu edib.

İcraiyyə Şurasının sədri G.Santos 110-cu sessiyanın ölkəmizdə keçirilməsinin qərarlaşdırılması ilə bağlı təbriklərini çatdıraraq, sessiyanın uğurla keçiriləcəyinə inamını ifadə edib.

Baş katib Z.Pololikaşvili yekun çıxışında Azərbaycanı önə çıxan turizm məkanı kimi qiymətləndirərək, 110-cu sessiyanın da yüksək səviyyədə təşkili və keçiriləcəyinə əminliyini bildirib.

Z.Pololikaşvili 2017-ci ildə ölkəmizin İcraiyyə Şurasına müvəffəqiyyətlə sədrlik etdiyini və bir sıra mühüm qərarların məhz həmin dövrdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Şuranın sədri olduğu zamanı qəbul olunduğunu vurğulayıb.

Azərbaycan haqqında xoş sözlərə görə DTT-nin baş katibi Z.Pololikaşviliyə təşəkkürünü bildirən səfir A.Məhərrəmov baş katibi ölkəmizdə keçiriləcək İcraiyyə Şurasının 110-cu sessiyası zamanı görməkdən məmnunluğunu ifadə edib.

Sessiya işini mayın 25-də başa vurub.

Arxiv üzrə axtarış