2018-06-08

Azərbaycan Respublikası İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən Beynəlxalq Turizm Məkanı mükafatına layiq görülmüşdür

Cari ilin 7 iyun tarixində Madrid şəhərində İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalının sayca 28-ci mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbirdə İspaniyanın dövlət rəsmiləri, müxtəlif nüfuzlu beynəlxalq və yerli şirkətlərin təmsilçiləri, ictimaiyyət, nüfuzlu yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Mərasimdə ölkəmizi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri, habelə Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil etmişdir.

“Azərbaycan əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi, gözoxşayan təbiəti, təkrarolunmaz arxitekturası və təbii sərvətləri ilə turist axınını özünə cəlb etmiş və ölkədə təhlükəsizliyin təmin edilməsi, əlverişli əmək bazarı və turizm sektorunun inkişafı üçün münbit şərait yaradılması ilə regionun turizm mərkəzinə çevrilmişdir”. Məhz sadalanan bu səbəblərdən “Ejecutivos” jurnalı tərəfindən ölkəmizin beynəlxalq turizm məkanı mükafatına layiq görüldüyü elan edilmişdir.

Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir A.Məhərrəmov, mükafata görə “Ejecutivos” jurnalının rəhbərliyinə təşəkkür edərək, ölkəmizin beynəlxalq turizm məkanı mükafatına layiq görülməsinin bir daha Azərbaycan Respublikasında turizm sektoruna göstərilən dövlət qayğısından xəbər verdiyini qeyd etmiş və diqqətə çatdırmışdır ki, Azərbaycanın Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı genişləndirərək, turizmin inkişafında əhəmiyyətli irəliləyişlərə nail olmuş və bu yalnız ölkədə deyil, ümumilikdə dünyada turizmin davamlı inkişafına önəmli töhfə vermişdir.

Mükafatlandırma mərasimində “Ejecutivos” jurnalının 2018-ci il may ayı buraxılışının təqdimatı da keçirilmişdir. Sözügedən buraxılışda Azərbaycanın beynəlxalq turizm məkanı mükafatına layiq görülməsi ilə əlaqədar, ölkəmizdə turizmin inkişafı tendensiyasını özündə əks etdirən məqalə dərc olunmuşdur. Məqalədə ölkədə iqtisadiyyatın şaxələndirilməsi kontekstində turizmin prioritet sahələrdən birinə çevrildiyi, Azərbaycanda son illərdə turizm sahəsində sürətli inkişafa nail olunduğu, bir çox turizm-istirahət komplekslərinin yaradıldığı qeyd olunmuşdur. Həmçinin, turistlərin cəlb olunması baxımından Qarabağ Ağdam futbol klubunun UEFA Çempionlar Liqasının 2017-2018-ci illər mövsümündə İspaniyanın Atletiko Madrid klubu ilə qarşılaşmasına toxunularaq, Azərbaycanın gözəl güşələrindən olan Qarabağın hazırda erməni işğalı altında olduğu diqqətə çatdırılmışdır. Məqalədə son illərdə ölkəmizdə beynəlxalq humanitar, mədəniyyət, idman və digər sahələrdə uğurla həyata keçirilmiş tədbirlərlə bağlı məlumat əks olunmuşdur.

 

 

  

 

 

  

 

Arxiv üzrə axtarış