2018-10-16

“Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilmişdir.

Cari ilin 15 oktyabr tarixində Madrid şəhərində yerləşən “Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə ölkəmizi təmsil edən “Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan “Madrid Rioxa Mərkəzi”nin prezidenti Xose Antonio Ruperes Kanyo  Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, ölkəmizdə şərabçılığın prioritet sahələrdən biri olduğunu qeyd edərək, dövlət başçısının diqqət və qayğısı nəticəsində, bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların təzahürü kimi, Azərbaycan şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini, ölkə şərablarının və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yuksəldilməsi və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, ölkədə qəbul edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbulu nəticəsində Azərbaycanda şərabçılığın inkişafı böyük vüsət almış, “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.

Daha sonra “Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən “Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat nümayiş etdirilmişdir.

Tədbir zamanı ölkəmizin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilmiş və Azərbaycanın turizm potensialının təşviqinə və ölkəmizdə şərabçılığın inkişafına həsr olunmuş təqdimat və video-çarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları tərəfindən Azərbaycan şərabları böyük rəğbətlə qarşılanmış, onun özünəməxsus dada və keyfiyyətə malik olduğu qeyd edilmiş, mərasimdə iştirak edən ekspertlər təqdim olunan Azərbaycan şərablarının hazırlanma üsulu ilə bağlı yaxından maraqlanmışlar. Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ləziz nemətlərindən (dolma, qutab, kükü)  və şirniyyatlardan (şəkərbura, paxlava) dadmışlar.

 

 

 

 

 

Arxiv üzrə axtarış