Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri akademiki adına layiq görülüb
Madrid şəhərində İspaniya Krallığı Diplomatiya Akademiyasının mənzil-qərargahında sözügedən Akademiyanın növbəti yeni fəxri akademiklərinin təltif olunma mərasimi keçirilmişdir. Tədbirdə Akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo, idarə heyətinin üzvləri, İspaniya Krallığı Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksək vəzifəli şəxsləri, İspaniyanın xarici ölkələrdəki səfirləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və digər tanınmış şəxslər iştirak etmişlər.
İspaniyanın xarici ölkələrdəki səfirləri və İspaniya Krallığının xarici işlər nazirlərinin təşəbbüsü və səyləri nəticəsində təsis edilmiş adıçəkilən Akademiya diplomatiya və beynəlxalq münasibətlər sahəsində ölkənin ən mötəbər qurumlarından biridir.
Tədbiri giriş sözü ilə açan Akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo Akademiya tərəfindən həm İspaniyanın xarici ölkələrdəki səfirləri, həm də bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün Akademiyanın ən ali - fəxri akademik mükafatının təsis edildiyini bildirmişdir. S. Velo de Antelo qeyd etmişdir ki, xarici ölkələrin İspaniyada akkreditə olunmuş səfirlərinin öz ölkələri ilə İspaniya arasında əlaqələrin inkişafına verdiyi töhfə fəxri akademik mükafatı ilə təltif edilərkən əsas meyar kimi götürülür.
Tədbir zamanı İspaniyada akkreditə olunmuş dörd ölkənin səfirləri – Azərbaycan, Avstriya, Rumıniya, Ekvatorial Qvineya Akademiyanın yeni fəxri akademiki adına layiq görülmüşlər. S. Velo de Antelo İspaniya ilə digər dövlətlər arasında münasibətlərdən bəhs edərək, Azərbaycanda hərtərəfli inkişaf fonunda əldə olunan nailiyyətlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov fəxri akademik adına layiq görüldüyü üçün İspaniya Krallığı Diplomatiya Akademiyasının icraçı prezidentinə və idarə heyətinin üzvlərinə öz minnətdarlığını ifadə etmiş, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strategiyaya uyğun olaraq ölkəmizlə İspaniya arasında münasibətlərin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini qeyd etmişdir.
Sonda fəxri akademik adına layiq görülmüş şəxslərə İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri diplomu və nişanları təqdim edilmişdir.