İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin xarici siyasətinin prioritetləri mövzusunda seminar təşkil olunub
Beynəlxalq münasibətlər və diplomatiya sahəsində İspaniyanın tanınmış araşdırmalar institutlarından biri sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondun təşəbbüsü və təşkilatçılığı ilə Madrid şəhərində Azərbaycanın xarici siyasətinin prioritetləri mövzusunda seminar təşkil olunmuşdur.
Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fond İspaniya Krallığı Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, İspaniyanın Müdafiə Nazirliyi, habelə İspaniya Strateji Araşdırmalar İnstitutu və Barselona şəhərində yerləşən “Abat Oliba CEU” Universiteti ilə sıx əməkdaşlıq edir. Fond tərəfindən adı çəkilən qurumların əməkdaşları və qeyd olunan təhsil müəssisələrinin tələbələri üçün beynəlxalq münasibətlər, diplomatiya və idarəçilik sahəsində magistr proqramı, ixtisasartırma kursları, konfranslar və dəyirmi masalar, habelə digər ölkələrin xarici siyasət prioritetləri ilə bağlı məlumat xarakterli seminarlar təşkil olunur.
Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda bu məqsədlə seminara dəvət olunmuş Azərbaycan Respublikasının İspaniyada Krallığındakı səfiri Anar Məhərrəmovu salamlayaraq, Azərbaycanın özünün coğrafi mövqeyi, təbii resursları və insan kapitalı ilə hazırda yüksək sürətlə inkişaf edən, öz regionunun lider ölkəsi olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Avropa İttifaqı, o cümlədən İspaniya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Səfir Anar Məhərrəmov seminarda çıxış edərək 2018-ci ilin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını, məhz 100 il əvvəl müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd edərək, Cümhuriyyətin mövcud olduğu dövr ərzində əldə edilmiş nailiyyətlərdən ətraflı şəkildə bəhs etmişdir. Dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin, bir çox qərbi Avropa dövlətlərindən daha öncə qadınların seçki hüququnun təmin olunmasının Azərbaycan tarixində yeni şərəfli səhifə açdığı seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda bütün sahələrdə inkişafa nail olunduğu, ölkəmizin Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrildiyi qeyd edilmişdir.
Səfir bildirmişdir ki, 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa edərkən çətin siyasi vəziyyətlə üzləşmiş, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. A. Məhərrəmov bu ağır dövrdə Azərbaycan xalqının istəyi ilə Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıtdığını və bununla da, ölkə tarixində yeni parlaq dövrün başlandığını vurğulamışdır.
Qeyd olunmuşdur ki, məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə siyasi sabitlik bərqərar edilmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə olunmuş (1994), 1994-cü il 20 sentyabr tarixində dünyanın iri neft şirkətləri ilə “Əsrin Müqaviləsi”nin imzalanması nəticəsində ölkəyə irimiqyaslı investisiyalar cəlb olunmuş, Azərbaycan mötəbər beynəlxalq və regional təşkilatların tam hüquqlu üzvünə çevrilmiş, Respublikada bütün sahələrdə əsaslı islahatlar həyata keçirilmişdir. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir.
Səfir vurğulamışdır ki, Heydər Əliyevin siyasi kursu bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu və rolu artmaqdadır. Səfir çıxışında Azərbaycan Respublikasının təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinə toxunaraq, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, turizmin təşviq edilməsi, habelə ölkəmizin ev sahibliyi etdiyi Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1 Azərbaycan Qran Pri-si kimi mühüm beynəlxalq tədbirlərin uğurla təşkil olunduğunu qeyd etmişdir. Səfir TAP, TANAP layihələri, Baku-Tbilisi-Qars dəmiryolu xəttinin fəaliyyətə başlaması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının regionun əsas nəqliyyat və logistika qovşağına çevrilməsi, “ASAN” Xidmət vasitəsilə elektron şəkildə vizaların qısa müddət ərzində əldə edilməsi barədə seminar iştirakçılarını ətraflı şəkildə məlumatlandırmışdır.
İspaniya-Azərbaycan əlaqələrinə toxunan Səfir, iki ölkə arasında dostluq münasibətlərinin bu gün uğurla davam etdirildiyini qeyd etmişdir. Vurğulanmışdır ki, İspaniya və Azərbaycan qarşılıqlı olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, bir çox məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür və İspaniya Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu açıq şəkildə bəyan edir. A. Məhərrəmov bildirmişdir ki, 2005-ci ildə Azərbaycanın İspaniyada Səfirliyi, 2014-cü ildə isə İspaniyanın Azərbaycanda Nümayəndəliyi təsis edilmiş, 2017-ci ildə Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilmişdir.
Çıxış zamanı ölkəmizə aid fotoşəkillərdən ibarət təqdimat nümayiş etdirilmişdir. Keçirilən seminardan məmnun qalan Fondun rəhbərliyi və tələbələr seminarın maraqlı keçərək onlarda xoş təəssürat yaratdığını bildirmişlər. Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda etdiyi geniş məzmunlu çıxışa və təqdimata görə səfir A.Məhərrəmova minnətdarlığını bildirmişdir.
Sonda Fondun idarə heyətinin rəhbər üzvləri və tələbələrlə xatirə şəkli çəkdirilmişdir.